Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda Rusiya-Ukrayna danışıqları cəmi 1,5 saat davam edib

İyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Ukraynadakı silahlı münaqişəyə son qoyulması ilə bağlı danışıqların yeni raundu keçirilib.

Nümayəndə heyətlərinin görüşü Bakı vaxtı ilə saat 15:40-da, təyin olunduğu vaxtdan saat yarımdan çox gec başlayıb. 17:00-da danışıqların başa çatdığı elan edilib. Beləliklə, danışıqlar saat yarımdan az davam edib.

Türkiyə mediası ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən bildirib ki, görüş "neqativ olmayıb".

Ukrayna prezident ofisinin rəhbəri Andriy Yermak X sosial media hesabında bildirib ki, bugünkü danışıqlarda Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə geri qaytarılmasını tələb etdiyi uşaqların siyahısını təqdim edib.

"Rusiyanın qeyri-qanuni şəkildə deportasiya etdiyi, zorla köçürdüyü və ya müvəqqəti işğal olunmuş ərazilərdə saxladığı yüzlərlə uşaqdan söhbət gedir", –Yermak bildirib.

Yermakın sözlərinə görə, siyahıda yüzlərlə ad var. Onun sözlərinə görə, uşaqların qaytarılması "Rusiyanın niyyətinin səmimiliyinin ilk sınağı" ola bilər.

Bu tələb Ukrayna prezidenti Volodimir Zelenskinin iyunun 1-də açıqladığı üç əsas şərtdən biridir: "Birincisi – tam və qeyd-şərtsiz atəşkəs. İkincisi – əsirlərin azad olunması. Üçüncüsü – oğurlanmış uşaqların geri qaytarılması".

Moskva isə uşaqları müharibədən qorumaq üçün köçürdüyünü iddia edir.

V.Zelenski iyunun 2-də bildirib ki, Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsinin növbəti mərhələsini də müzakirə edir. O, bu barədə Litvanın paytaxtı Vilnüsdə Mərkəzi Avropa və Şimali Avropa ölkələrinin iştirakı ilə baş tutan sammitdə danışıb.

Mayın 16-da İstanbulda keçirilən danışıqların ilk raundunda tərəflər hərəyə 1000 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib və bu mübadilə ötən ay - mayda başa çatdırılıb.

Ukrayna prezidenti onu da əlavə edib ki, Rusiya və Ukrayna Türkiyənin vasitəsilə müharibənin bitirilməsi üçün öz baxışlarını əks etdirən sənədləri mübadilə ediblər.