Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail və İran atəşi dayandırıblar

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar.

Bu barədə Amerika lideri “Truth Social”da yazıb.

"İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra, İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) və bu andan müharibə bitmiş hesab olunacaq", – Tramp qeyd edib.

Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, "12-ci saatda" bunu İsrail də edəcək.

"24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək, <...> bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi", – o əlavə edib.

İranın xarici işlər naziri Abbas Əraqçı isə Tehran və Təl-Əviv arasında atəşkəs razılaşmasının əldə olunmadığını təsdiqləyib.

“İsrail İrana qarşı müharibə başladıb, əksinə deyil. Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir “razılaşma” yoxdur”, – o bildirib.

Bununla belə, XİN başçısı qeyd edib ki, İsrail Tehran vaxtı ilə saat 04:00-dək hücumlarını dayandırarsa, İran “cavab tədbirlərini davam etdirmək niyyətində olmayacaq”.

“Hərbi əməliyyatlarımızın dayandırılması ilə bağlı yekun qərar daha sonra veriləcək”, – o vurğulayıb.

Bundan sonra isə  Abbas Əraqçı Silahlı Qüvvələrin hərbi əməliyyatları dayandırdığına işarə edib.

“Güclü Silahlı Qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün həyata keçirdiyi hərbi əməliyyatlar son dəqiqəyə, səhər saat 4-ə (Bakı vaxtı ilə 04:30) qədər davam edib”, – XİN başçısı qeyd edib.

O, hücumlara “son dəqiqəyədək cavab verən” orduya təşəkkürünü bildirib.