İsrail və ABŞ İrana zərbələr endirib
28 Fevral 2026
İrana hücumlarda hədəfə alınan obyektlərə Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, İran Nüvə Enerjisi Agentliyi və Parçin bölgəsindəki təsisatlar daxildir.
Bu barədə İran mediası məlumat yayıb.
“Reuters“in məlumatına görə, İran “təcavüzə dağıdıcı zərbələrlə cavab verəcəklərini” bəyan edib.
Anonim İran rəsmisi bildirib ki, İran cavab zərbələri hazırlayır və bu zərbələr dağıdıcı olacaq.
***
ABŞ İranda böyük döyüş əməliyyatlarına başlayıb. Bunu ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb. İsrail isə fevralın 28-də İrana “qabaqlayıcı zərbə” endirdiyini bildirib.
“İsral dövləti özünə təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı hücuma başlayıb”, – müdafiə naziri İsrael Kats bildirib.
ABŞ-nin iki yüksək rütbəli rəsmisi AzadlıqRAdiosuna Amerikanın İrana hərbi zərbələr endirdiyini təsdiqləyib.
Tehranın mərkəzində partlayışlar baş verdiyi bildirilir. Sosial mediada yayılan foto və videolarda şəhərin üzərində tüstü qalxdığı görünür.
Qeyd edək ki, İsrailin İrana endirdiyi zərbələr zamanı partlayışlar yalnız Tehranda deyil, ölkənin digər şəhərlərində də eşidilib.
Partlayışlar İsfahan, Qum, Kərəc, Kirmanşah, Təbriz şəhərlərində və Lorestan əyalətində də baş verib.
ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak etdiyini təsdiqləyib.