İsrail İranın hücumuna cavab verəcək
14 Aprel 2024
İsrail İranın hücumuna cavab verəcək, cavabın miqyası müəyyən edilir.
Bu barədə “CNN” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bütün cavab variantları aprelin 14-də İsrail hərbi kabinetinin iclasında ətraflı müzakirə olunacaq.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.