İsrail 28 səfirliyinin işini dayandırıb - Terror təhlükəsi var
05 Aprel 2024
İsrail hakimiyyəti İrandan gələn təhdidlərə görə müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb.
Bu barədə "Sky News Arabia" məlumat yayıb.
İranın mümkün cavabına qarşı çıxmaq üçün İsrail Müdafiə Ordusu hava qüvvələrinin və hava hücumundan müdafiənin döyüş hazırlığını artırdığı, həmçinin hərbi məzuniyyəti ləğv etdiyi bildirilir.
Bundan bir gün əvvəl “Kan” radioşirkəti də bəzi ölkələrdəki səfirliklərdən İsrail diplomatlarının təxliyə edilməsi ilə bağlı məlumat yayıb. Diplomatik nümayəndələrə də ictimai tədbirlərdə iştirak etməmək tövsiyəsi ilə xəbərdarlıqlar göndərilib.
İsrail ordusunun sözçüsü bildirib ki, ölkə özünə qarşı istənilən təhlükəyə ciddi yanaşır və istənilən ssenariyə hazırdır.
Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum ediblər. Konsulluq tamamilə dağıdılıb. İran Prezidenti İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş zabitinin öldürüldüyü Dəməşq konsulluğuna hücuma görə İsrailə qisas alacağını vəd edib.