İşimizin qiymətini sizdən gözləyirik
Baş redaktor oxuculara müraciət etdi
30 Aprel 2024
Dəyərli oxucularımız.
Pressklub.az saytı 2024-cü il may ayının 6-dan etibarən eksklüziv materialların və tanınmış müəlliflərin yazılarının abunə yolu ilə pullu istifadəsinə keçir. Bu, saytımızda yayımlanacaq xəbərlərə aid deyil, onlar hamıya açıqdır.
Saytın yeni dizayn və konsepsiyada fəaliyyətə başlaması ilə paralel belə addım atmağa qərar verməyimizin səbəbi var. Azərbaycanın və mediamızın indiki vəziyyətində bu qərara fərqli münasibət bəsləyənlər olacaq, ancaq biz yekun rəyə gələnə qədər müzakirə, müşahidə və real təhlillərlə dolu yol keçmişik.
Reklam bazarı və medianın real gəlir imkanları ilə bağlı vəziyyət o həddədir ki, hansısa redaksiya rəhbəri “necə maliyyələşirsiniz?” kimi sadə suala cavab ver(mə)mək üçün az qala diplomatik məharət göstərməli olur. Çünki indiki şərtlərlə medianın özünün özünü təmin etməsinin mümkün olmadığı hamıya aydındır.
Belə şəraitdə jurnalist işinin, redaksiya məhsulunun qiymətini onun oxucusundan gözləməkdən təbii heç nə yoxdur. Çap mediasının az-çox normal fəaliyyət göstərdiyi zamanlarda bunun şahidi olmuşuq. Oxucuların cüzi ödəniş hesabına aldıqları qəzetlər, həmin ödənişlərin toplusundan yaranan vəsaitlə mövcudluqlarını qoruya, konkret qüvvələrə deyil, bütövlükdə cəmiyyətə lazım olan işi görə bilirdilər.
İndi Azərbaycanda gündəlik qəzetlərin qiyməti orta hesabla 50 qəpikdir. Bu, azı ayda 10 manat ödəniş deməkdir. Pressklub.az öz oxucularına ilin sonunadək, demək olar, simvolik abunə qiyməti təklif edir – aylıq 1 manat! Növbəti ildə də mümkün güzəştlər tətbiq etməyə çalışacağıq.
Pressklub.az təkcə baş vermiş hadisələr deyil, onların səbəbləri, doğura biləcəyi nəticələr barədə sizə özəl təhlillər, fərqli və müstəqil, tərəfsiz baxışlar təqdim edəcək. Saytda Azərbaycan, rus, ingilis dillərində çoxsaylı mövzularda başqa mənbələrdə olmayan araşdırmalar, reportajlar, müsahibələr, analitik yazılar oxuya biləcəksiniz.
Saytımızın ana səhifəsində yuxarı sağ küncdə “ABUNƏ” düyməsini sıxıb, qısa zamanda kiçik ödəniş etməklə həm maraqlı yazılar oxumaq imkanı qazanacaqsınız, həm də bizə, müstəqil mediaya dəstək vermiş olacaqsınız.
Bu, təkcə media üçün deyil, həm də oxucularımız və cəmiyyətimiz üçün bir yeniliyin başlanğıcı ola bilər.
Qabil Abbasoğlu,
Pressklub.az saytının baş redaktoru