İrkutskda karantin ləğv edilib
10 Oktyabr 2026
Rusiyanın İrkutsk şəhərində və vilayətində Tauna Qarşı İnstitutun əməkdaşının ölümündən sonra tətbiq olunmuş epidemiya əleyhinə tədbirlər başa çatıb. Oktyabrın 8-də vilayətin qubernatoru İqor Kobzev tibb müəssisələrində karantin rejiminin ləğv olunduğunu bildirib.
Qubernatorun sözlərinə görə, vəfat edən əməkdaşla təmasda olmuş şəxslərin tibbi nəzarət müddəti də yekunlaşıb. Onların heç birində xəstəlik əlaməti qeydə alınmayıb, şəhər və vilayət ərazisində yeni yoluxma halı aşkarlanmayıb. Aparılan 5 minə yaxın laborator analizin nəticəsində heç bir təhlükəli patogen tapılmayıb.
"Rospotrebnadzor" bundan əvvəl bildirmişdi ki, vəfat edən laborantın bioloji materiallarının analizi zamanı onun peşə fəaliyyəti ilə əlaqəli hər hansı mikroorqanizm aşkarlanmayıb. Tauna Qarşı İnstitut isə taun kulturası ilə iş zamanı laboratoriyada heç bir qəzanın baş vermədiyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada tauna yoluxma riskini aşağı, görülən epidemiya əleyhinə tədbirləri isə qənaətbəxş qiymətləndirib.