Gürcüstan Azərbaycandan elektrik idxalında gizli vasitəçilərdən imtina edir
10 Oktyabr 2026
Tbilisi Azərbaycandan elektrik enerjisi idxalında ofşor vasitəçilərin iştirakına son qoyur.
Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib ki, qonşu Azərbaycandan elektrik enerjisi idxalında vasitəçi şirkətlərin iştirakı aradan qaldırılacaq. O, bunun sayəsində dövlətin hər il milyonlarla dollar qənaət edə biləcəyini söyləyib.
Korrupsiya araşdırmaları aparan OCCRP layihəsi yazır ki, iki ölkə arasındakı bu ticarəti indiyədək tamamilə qeyri-şəffaf ofşor şirkətlər həyata keçirib və əsas söz sahibi gürcü işadamı Sulxan Papaşvili olub. Qurum bu idxal zamanı qiymətlərin qəsdən şişirdilməsini illərdir araşdırır.
Araşdırmalar göstərir ki, gürcüstanlılar Azərbaycandan alınan elektrik enerjisinə görə şişirdilmiş qiymətlər ödəyirlər. OCCRP və tərəfdaşları bu ticarəti Papaşvilinin tək sahibi olduğu bir neçə ofşor şirkətin idarə etdiyini üzə çıxarıb. Məlum olub ki, Papaşvilinin Azərbaycanda enerji müqavilələrini təsdiqləyən rəsmi şəxslərin qohumları ilə də ayrıca biznes əlaqələri var. Onun vəkilləri isə bu tanışlığın ona hər hansı bir güzəşt və ya üstünlük qazandırdığını təkzib edirlər.
Papaşvilinin vəkili hökumətin açıqlaması ilə bağlı şərhində bildirib ki, biznesmen baş nazirin bəyanatı ilə tanış olub və qəbul edilmiş qərarın səbəblərini anlayır.