Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda polis və mitinqçilər arasında toqquşma - Onlarla nümayişçi saxlanılıb, yaralananlar var

Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşma olub.

Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar parlament binasının qarşısındakı kordonu yarmağa cəhd edib, təhlükəsizlik qüvvələri bunun qarşısını almağa çalışıblar.

Polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə etməyə başlayıb.

Ermənistan polisinin rəisi Amam Ovannisyan İrəvanda nümayişçilərə qarşı səs qumbaralarından istifadə edilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən “Düz ediblər, başıma nə qədər butulka düşdü, heç bilirsiniz?! Özlərini dinc aparsınlar. Nə edək? Buraxaq insanlar bir-birini doğrasın?” deyə cavab verib.

Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin binasını tələsik tərk etdiyi də bildirilir. Hadisəyə münasibət bildirən Baş nazir Nikol Paşinyan polisin qanun çərçivəsində hərəkət etdiyini deyib:

“Polis qanunla ona həvalə edilmiş funksiyaları ciddi şəkildə qanun çərçivəsində həyata keçirir”, - deyə o qeyd edib.

Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.

Ümumilikdə etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

"Xəsarətlər əsasən yüngül və orta ağırdır", - nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.