İrəvan silahlanır - "Hər dövlət öz imkanına görə silah alır"
27 İyul 2024
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
“ABŞ-in Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında... on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”, - bəyanatda vurğulanıb.
Oxşar fikirləri ötən həftə Şuşada keçirilən Qlobal Media Forumunun açılışında Prezident İlham Əliyev də dilə gətirərək bəzi Qərb ölkələrinin adını çəkməklə onların vasitəçiliyinə qarşı çıxmışdı: “Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq”.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi (XİN) də AMN-nın həmin açıqlamasını təkzib edib. Nazirliyin sözçüsü Ani Badalyan iyulun 25-də israrla qeyd edib ki, Yerevan özünün “sülh gündəliyinə” sadiq qalır və “bu strategiyasını dəyişmək niyyətində deyil”.
Badalyan vurğulayıb ki, Bakı atəşkəs pozulmalarının birgə araşdırılmasına dair Yerevanın bu yaxınlarda verdiyi təklifi cavabsız qoyub. O, habelə qeyd edib ki, Ermənistanın Fransa və başqa ölkələrdən silah alması “sırf onun beynəlxalq aləmdə tanınmış ərazilərinin müdafiəsi məqsədini güdür”.
Bəs görək, bütün bunları Azərbaycanda necə dəyərləndirirlər?
Milli Məclisin VI çağırış deputatı Rasim Musabəyov “Turan”a bildirib ki, Ermənistana xəbərdarlıq olunub və bu ölkə özü üçün bundan nəticə çıxaracaq: “Bu gün Ermənistanın Azərbaycana hücum etmək üçün gücü yoxdur. Ancaq xırda təxribatları edə bilərlər və mən istisna etmirəm ki, həmin təxribatların məqsədi ondan ibarətdir ki, həmin o Qərb ölkələri Azərbaycanın üstünə yeriyərək onu Ermənistanın istədiyi şəkildə sülh müqaviləsinə sövq etsin”.
R.Musabəyov qeyd edib ki, Azərbaycanın konkret tələbləri var: “Ermənistan qanunvericiliyində mövcud olan Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır. Bu məsələ həll olunmadan sülh müqaviləsi qeyri-mümkündür. Sonra isə müqavilə imzalandığı halda ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət edilməlidir. Bu da o deməkdir ki, Qarabağ məsələsi ümumiyyətlə beynəlxalq gündəlikdən çıxarılır. Bu olmadan Azərbaycanla Ermənistan arasında sülhün uzunmüddətli olacağını gözləmək çox çətindir”.
Ermənistanda konstitusiyaya dəyişikliklər artıq bir müddətdir bu ölkədə müzakirə mövzusudur. Amma Ermənistan müxalifəti konstitusiyaya Azərbaycanın istəyinə uyğun dəyişiklikləri düzgün saymır. Lakin baş nazir Paşinyan dəfələrlə bildirib ki, konstitusiya Ermənistanın daxili işidir və onun dəyişdirilməsi zərurəti Bakının tələbindən yaranmayıb.
Siyasi şərhçi Zərdüşt Əlizadənin isə mövzu ilə bağlı Azadlıq Radiosuna deməsinə görə, tərəflərin tutduğu mövqeləri deməyə əsas verir ki, sülh sazişi məsələsi 2027-ci ilə qaldı: “Azərbaycan tələb edir ki, Ermənistanın Konstitusiyasında dəyişiklik olsun. Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyir ki, Konstitusiya layihəsi 2026-cı ilin dekabrında müzakirəyə veriləcək”.
Ekspertin fikrincə, sülh müqaviləsinin olmaması tərəflər arasında münasibətlərin tənzimləməsinə təsir etmir: “Çünki sülh müqaviləsi oldu, ya olmadı, bunun münasibətlərə təsiri yoxdur. Rusiya və Ukrayna arasında hərtərəfli əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik barədə geniş müqavilə var, amma bu, Rusiyaya Ukraynaya hücum etməyə mane olmadı. Yəni, mürəkkəblə yazılmış hər hansı müqavilənin olması heç bir təhlükəsizlik zəmanəti deyil”.
Z.Əlizadə hesab edir ki, 44 günlük müharibədə məğlub olandan sonra Ermənistan yeni müharibəyə hazır deyil: “Erməni xalqı müharibədən doyub. Müharibədə məğlub olmuş Paşinyana ona görə səs verdilər ki, o, müharibəyə getməyəcək”.
Təhlilçinin fikrincə, Azərbaycanın da Ermənistana hücum etməyə niyyəti yoxdur, Bakının əsas qayğısı Qarabağı bərpa etmək, yollar, körpülər çəkmək, yaşayış evləri, inzibati binaları tikməkdir.
Ermənistana verilən silaha gəlincə, politoloq hesab edir ki, hər bir ölkənin ordusu olmalıdır: “Ermənistanın da ordusu olmalıdır. Ona görə yox ki, hücum eləsin, ona görə ki, özünü müdafiə eləsin. Hər müstəqil dövlət öz imkanına görə silah alır. Burada bir şey yoxdur. Ermənistan nə qədər silah alsa da, bizə heç nə edə bilməz”.
Onun fikrincə, Rusiyanın başı Ukraynaya qarışıb və indi Cənubi Qafqazla ciddi məşğul ola bilmir: “Amma eyni zamanda Rusiyanın dövlət aparatında Cənubi Qafqazla məşğul olan şöbələr var. Onlar çalışırlar ki, Cənubi Qafqazda sabit, dayanıqlı sülh olmasın. Çünki bu olsa, qarşılıqlı münasibətlər inkişaf etsə, düşmənçilik xofu itəcək”.