İrəvan xanlığının “Qədim bəy”i
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində
04 Dekabr 2025
Yenə həzin musiqi sədaları altında sənət, mədəniyyət, ədəbiyyat adamları və cəmiyyətin sənəti duyan, ona dəyər verən qismi bir “ocaq başı”na cəm olmuşdular. O “ocağa” ki, hər il Azərbaycan tarixinə onun müxtəlif sənət sahələrini əhatə edən tanınmış, dəyərli şəxsiyyətləri barədə bir nəşr ərəməğan edir. Bu dəfə daha bir monimental nəşr təqdim olunurdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunması ilə əlaqədar ölkəmizdə müxtəlif yubiley tədbirləri keçirilir.
Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin 26-cı nəşri XIX əsrin görkəmli rəssamı, Azərbaycanın dəzgah boyakarlığının banisi, Mirzə Qədim İrəvaniyə həsr olunub. M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilib.
Tarixi İrəvan diyarı Azərbaycanın digər bölgələri kimi onun tarixinə, mədəniyyətinə, qəhrəmanlıq salnaməsinə çox adlar bəxş edib. Özünə əsərlərinin imza yerində “Qədim bəy” ləqəbi vermiş Mirzə Qədim İrəvani o imzalardan biridir.
O, 4 dekabr 1825-ci ildə İrəvanda məşhur şəbəkə ustası Məhəmməd Hüseynin ailəsində dünyaya gəlib. Gözlərini açandan atasının yanında onun əl işlərinin üstündə öz balaca əlləri ilə gəzişib, asta-asta o işlər üzərində əllərini sürüşdürərək onun incəliklərini yaddaşına yazmağa, iliklərinə yeritməyə çalışıb. Sanki, birdən genetika yanlışa yol verər, özüm buna imkan verməyim deyə, sənəti mənimsəyib.
Bu minvalla qəlbini sənətə verən Azərbaycan dəzgah boyakarlığının banisi 15 yaşında Tiflisdəki progimnaziyanı bitirir. Fars, rus və fransız dillərini mükəmməl öyrənir. Hələ progimnaziyada təhsil aldığı illərdə əvvəlcə şüşə və parça üzərində şəkillər çəkməyə başlayan Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi ixtisaslaşır və bu sahədə məşhurlaşır. İşinin çoxluğuna və mütəmadiliyinə rəğmən, mütaliəsindən qalmayan Kollec asessorunun (XIX əsrdə əsilliklə zadəgan olan şəxslərə verilən mülki rütbə) olan Mirzə Qədim İrəvaninin Qərbi Avropa, Şərq və rus yazıçılarının əsərlərindən ibarət zəngin kitabxanası varmış.
İrəvan Xan sarayında bərpa işlərinin bir qismi Mirzə Qədim bəyin əl işləri olub.
Sarayın Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası onun əl işləri idi. 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirib. Rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Mirzə Qədim İrəvani “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, “Molla”, (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), “Mah Tələtin portreti” (Gürcüstan Dövlət İncəsənət Muzeyi), “Quş və çiçəklər” ( Ermitaj), həmçinin də, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir.
Həm də Azərbaycan panel rəssamlığının əsasını qoyub.
Tədbirdə çıxış edənlər onun yaradıcılığınsan bəhs edərək rəssamlıq sənətindəki rolundan dənaışdılar.
Mirzə Qədim İrəvaninin əsərləri dünyanın məşhur muzeylərində və kolleksiyalarda sərgilənir. Onun yaradıcılığında Sərdar sarayını bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur, günümüzə çatan əsərləri isə İrəvan diyarının və bütövlükdə Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.
2025-ci il dekabrın 4-dən etibarən Xalq Bankın Əsas binasında yerləşən rəsm qalereyasında M.Q.İrəvaninin əsərlərindən ibarət sərgini həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir. Ünvan: İnşaatçılar pr., 22 L


















