Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İrəliləyiş var" - Oman ABŞ və İran arasında yeni danışıqlar elan etdi

Omanın xarici işlər naziri Bədr əl-Busaidi Cenevrədə ABŞ-İran danışıqlarında "əhəmiyyətli irəliləyiş" olduğunu bildirib. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu müsbət nəticələrlə yekunlaşıb.

"Müvafiq ölkələrin paytaxtlarında məsləhətləşmələrdən qısa müddət sonra danışıqları bərpa edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək", - əl-Busaidi X sosial media hesabında yazıb.

İranın xarici işlər naziri Abbas Əraqçi da İran-ABŞ danışıqlarının üçüncü raundundan sonra müzakirələrin yaxşı irəliləyişlə nəticələndiyini bildirib və əlavə edib ki, müvafiq paytaxtlarla məsləhətləşmələrdən sonra dördüncü raund gələn həftə keçiriləcək.

Onun sözlərinə görə, müəyyən mövzularda qarşılıqlı anlaşma olsa da, bəzi məsələlərdə fikir ayrılıqları qalmaqdadır. "Biz bəzi əsas məsələlərdə razılaşmaya yaxınlaşdıq."

Əraqçi qeyd edib ki, sonuncu raund nüvə danışıqlarının ən ciddi raundlarından biri olub: "Bazar ertəsi Vyanada texniki müzakirələrə başlamaq planlaşdırılıb, bir həftədən az müddətdə danışıqların yeni raundu keçiriləcək. Biz sanksiyaların aradan qaldırılması ilə bağlı tələblərimizi aydın şəkildə çatdırmışıq".

Bu arada, "Axios" nəşrinin məlumatına görə, Ağ evin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner səhər görüşündə İran rəsmilərinin ritorikasından "məyus" görünürdülər.

Cenevrədə ABŞ-İran danışıqlarına fasilə verilib

Fevralın 26-da ABŞ və İran rəsmiləri Cenevrədə nüvə danışıqlarının yeni raundunda bir araya gəliblər. Bu görüş iki düşmən ölkə arasında böyük hərbi münaqişənin qarşısını almaqdan ötrü son şans kimi qiymətləndirilir.

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını məhdudlaşdıracaq razılaşma əldə olunmazsa, hərbi müdaxilə variantlarını nəzərdən keçirir. Amerikanın iki təyyarədaşıyan qrupu İran İslam Respublikasına zərbə endirə biləcək məsafədə yerləşdirilib.

İranın xarici işlər naziri Abbas Əraqçi Ağ evin təmsilçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Oman nümayəndələri yenə vasitəçi rolundadırlar.

"Bu gün Cenevrədə yaradıcı və müsbət ideyalar mübadiləsi apardıq, hazırda ABŞ və İran təmsilçiləri fasilə veriblər. Bu gün danışıqları davam etdirəcəyik. Daha çox irəliləyiş əldə olunacağına ümid edirik", – bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi X platformasında yazıb. O, danışıqların gün ərzində davam edəcəyini əlavə edib.

İyunda qısa münaqişə vaxtı İsrail və ABŞ İranın əsas nüvə obyektlərini bombalayandan sonra tərəflər ilk dəfə fevralın əvvəlində Omanda vasitəçiliklə bir araya gəliblər. İkinci raund fevralın 17-də Cenevrədə keçirilib.

Danışıqlarda irəliləyiş əldə olunmayıb, əsas ziddiyyətlər qalmaqdadır.

ABŞ İranın uranı zənginləşdirməni tamamilə dayandırmasını, 400 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatından imtina etməsini tələb edir. Bu addımlar Tehranın nüvə silahı hazırlamasının qarşısını ala bilər.

Tehran isə nüvə proqramının mülki məqsədlərə, məsələn, elektrik enerjisi istehsalına xidmət etdiyini bildirir.