Logo
news content
User
Kateqoriyalar

Xəbər

İraqda ABŞ-Səudiyyə zərbələrindən 20 silahlının öldüyü bildirilir

İraqdakı Xalq Səfərbərlik Qüvvələri ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələrindən ölənlərin sayının 20-yə çatdığını açıqlayıb. Bu qüvvələr əsasən İrana yaxın silahlı qrupları birləşdirir, 2016-cı ildən rəsmən İraqın təhlükəsizlik qüvvələrinin tərkibindədir.

İyulun 29-da yayılan bəyanatda bu rəqəmin ilkin məlumat olduğu, azı 32 nəfərin yaralandığı bildirilir.

Bəyanata görə, hava zərbələri Bağdad, Vasit, Neynəva, Bəsrə, Kərkük, Kərbəla və Diyala vilayətlərindəki mövqelərə endirilib; hərbi obyektlərə və texnikaya ciddi ziyan dəyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bu əməliyyatın iyulun 28-də - son 72 saat ərzində baş vermiş 30-dan çox dron hücumuna cavab olaraq həyata keçirildiyini bildirib.

CENTCOM-un açıqlamasına görə, zərbələrin hədəfi "İranla əlaqəli terrorçular" olub, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) onları ABŞ qüvvələrinə və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlara yönləndirir.