İranın yeni rəhbərliyi ABŞ ilə danışıqlar aparmaq istəyir, Tramp da razılıq verib
02 Mart 2026
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başladığını iddia edib.
Bu barədə Ağ Ev rəhbəri "Fox News"a bildirib.
"Onlar danışmaq istəyirlər və mən də danışmağa razı oldum, ona görə də onlarla əlaqə saxlayacağam. Bunu daha əvvəl etməli idilər. Çox praktik və asan bir şey etməli idilər. Çox gözlədilər", - deyə Tramp bildirib.
Prezident qeyd edib ki, əməliyyat başladıqdan sonra İranın hazırkı rəhbərliyi özü əlaqə qurmaq təşəbbüsünü göstərib.
İran tərəfi ilə danışıqların bu gün, yoxsa sabah baş tutacağı birbaşa soruşulduqda, Tramp "Bunu sizə deyə bilmərəm" cavabını verib.
Ağ Ev rəhbəri həmçinin Vaşinqtonla danışıqlarda Tehranın adından ölkənin maraqlarını kimin təmsil edəcəyini də dəqiqləşdirməkdən imtina edib.