Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandan Netanyahunun BƏƏ səfərinə sərt reaksiya: "Təhlükəli nəticələri olacaq"

İran İsrailin baş naziri Binyamin Netanyahunun həftəsonu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərini pisləyib. İranlı deputat isə xəbərdarlıq edib ki, ABŞ-la birlikdə regionu yeni müharibəyə sürükləyən müttəfiqlərin "sarayları" gələcək münaqişədə qanuni hədəf olacaq.

Netanyahu sentyabrın 27-də Əbu-Dabidə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla görüşüb. Səfər barədə ilk məlumatı İsrailin "Kanal 12" televiziyası yayıb, daha sonra hər iki ölkənin hökuməti bunu təsdiqləyib.

İranın Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 29-u gecə yaydığı bəyanatda səfəri pisləyib, İsrailin regionda mövcudluğunun "çox təhlükəli" nəticələr verə biləcəyini deyib. Nazirlik bölgə ölkələrini öz ərazilərini qonşularına qarşı "sabitliyi pozan hərəkətlər" üçün platformaya çevirməməyə çağırsa da, ƏƏ-nin adını birbaşa çəkməkdən yayınıb.

Deputat İbrahim Rzayi daha sərt mövqe sərgiləyib. O deyib ki, "Amerikanın regiondakı müstəmləkələri" yeni müharibəyə təkan verir və bunun xərclərini qarşılamağa razılaşıblar.

Parlamentin nüfuzlu Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü olan Rzayi konkret ölkə adı çəkməyib, iddiasını təsdiqləyən sübut da təqdim etməyib.

CNN telekanalının İsraildəki mənbəsinə istinadən verdiyi məlumata görə, Netanyahu görüş zamanı İranın nüvə proqramında irəlilədiyini göstərən yeni kəşfiyyat məlumatlarını qarşı tərəflə bölüşüb.

Səfər İsraildə seçkilərə bir ay qalmış gerçəkləşib.