Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda yanvar etirazları ilə əlaqəli şəxs edam edilib

İran hakimiyyəti yanvardakı antihökumət etirazları ilə bağlı ittiham olunan bir şəxsi edam edib. Məlumatı məhkəmə hakimiyyətinə bağlı "Mizan" agentliyi yayıb.

"Mizan" həmin şəxsin Abbas Əkbəri Feyzabadi olduğunu bildirib. Onun dövlət əmlakını qəsdən məhv etməkdə, ictimai asayiş və təhlükəsizliyi pozmaqda, eləcə də ölkəyə qarşı cinayət törətmək məqsədilə sui-qəsddə təqsirli bilindiyi qeyd olunur.

Agentliyin iddiasına görə, Əkbəri İranın mərkəzində yerləşən Nain şəhərindəki etirazların "silahlı liderlərindən biri" olub. Onun vali binasına hücumda iştirak etdiyi, təhlükəsizlik qüvvələrinə atəş açdığı bildirilir.

Əkbərinin məhkəmə prosesinin necə keçirildiyi, hüquqi müdafiəyə çıxış imkanlarının necə təmin olunduğu qeyri-müəyyəndir.

"Mizan"ın məlumatına görə, o, mayın 25-i səhər saatlarında dar ağacından asılıb.

Martın 18-dən – ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasından bir neçə həftə sonra – İranda edam dalğası güclənib.

Hüquq müdafiə təşkilatları edam olunan şəxslərlə bağlı məhkəmə proseslərini pisləyiblər.

Osloda yerləşən İranda İnsan Haqları Mərkəzi apreldə bildirib ki, bu məhkəmə proseslərinin bir çoxu "işgəncə, məcburi etiraflar və natamam hüquqi prosedurlar" ilə müşayiət olunub.