İranda polis məntəqələrinə hücum edilib – 23 nəfər ölüb
04 Aprel 2024
İranda iki polis məntəqəsinə hücum edilib.
Bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.
Onun sözlərinə görə, silahlı hücum əyalətin Rask və Çabahar şəhərlərində baş verib. Nəticədə 23 nəfər öldürülüb. Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.
Atışma nəticəsində daha 10 polis əməkdaşı yaralanıb.
İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub.
Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir. İnformasiyaya əsasən, döyüş nəticəsində “Ceyş-əl Adl”ın 15 silahlısı ölüb.
Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar.
Hazırda hadisənin təfərrüatları araşdırılır.