İranda "hicab üsyanı" - Qadınlar nə deyir?
19 İyul 2022
Hökumət tərəfindən daha sərt şəkildə tənzimlənən şəriət qanunlarına və hicab taxmayan qadınlara cərimə və həbs cəzalarına baxmayaraq, onlarla qadın hüquq müdafiəçilərinin hərəkətə keçmə çağırışlarına müsbət cavab verib.
İranın hər yerində qadınlar parklarda, küçələrdə və dəniz kənarında hicabsız videolarını paylaşıb, bəzi qadınların şortik və köynək geyindiyi görülüb.
Minlərlə insanın izlədiyi və paylaşdığı videolardan birində qadın çimərlikdə gəzərkən qəfildən çadrasını çıxararaq yerə atır və tapdaladıqdan sonra uzaqlaşır. "Yox, yox deməkdir. Hicaba yox deyirik!" şüarı sosial mediada fəallar, jurnalistlər və bəzi siyasi dissidentlər tərəfindən böyük maraqla qarşılanıb. Qadınlar hakimiyyətdə olan kişilərə müraciət edib: "Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsüz. Bizi zəif və kövrək görürsüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün bizi başımızı örtməyə məcbur edirsiniz". Bu sözlər İranın şimalındakı nümayişlərdə iştirak edən və videosunu BBC Farsca Xidmətinə göndərən bir qadına məxsusdur. İyulun 12-dən bəri keçirilən nümayişlərdə azı beş qadının saxlanıldığı güman edilir.
İranda son illərdə oxşar kampaniyalar keçirilib, qadınların hicab tələbinə etirazı #MySecretFreedom və #WhiteWednesday kimi həştəqlərlə müşayiət olunub.
Ölkədəki əxlaq polisi isə son zamanlarda qadınlara qarşı təzyiqləri artırıb.
Etirazların keçirildiyi gün hökumət paytaxt Tehrandakı futbol stadionunda qadınları başlarını örtməyə çağıran aksiya keçirib. İyulun 12-də dövlət televiziyası “Hicab və iffət” günü ilə bağlı tədbiri yayımlayıb.
Bayram şənliyi çərçivəsində ağ geyimli və yaşıl hicablı bir qrup qadın ölkə bayrağını təmsil edən rəqs nümayiş etdirib.
Qadınlar cavab olaraq nümayişlərini davam etdiriblər. Onların çəkdiyi videolara ölkədə bir çox kişi də dəstək verib. Tehranda məscidin divarına yazılan “Çörək, iş, azadlıq və istəyə bağlı qapanma” mesajı sosial mediada çoxları tərəfindən paylaşılıb.
“Kampaniyamızı susdura bilməzsiniz”
İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ajeei qadınların nümayişinin arxasında xarici qüvvələrin olduğunu deyib və kəşfiyyat xidmətlərinə “məsul şəxslərin tapılmasını” əmr edib.
İran Prezidenti İbrahim Rəisi “mütəşəkkil korrupsiyanın qarşısını almaq” öhdəliyi götürüb. Bununla belə, bir çox qadın bütün təhlükələrə baxmayaraq, kampaniyalarını davam etdirmək əzmindədir. Sosial şəbəkədə video paylaşan qadın bu sözləri işlədib: "Bizi həbs edə bilərsiniz, amma kampaniyamızı susdura bilməzsiniz. İtirəcək heç nəyimiz yoxdur. Biz azadlığımızı illər əvvəl itirmişik və indi onu geri istəyirik".