Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrana ABŞ zərbələri ehtimalı "çox yüksəkdir"

Birləşmiş Ştatlar Yaxın Şərqə qırıcı təyyarələr, havadan müdafiə sistemləri, təyyarədaşıyan gəmi və minlərlə əsgər göndərir. Ekspertlər bu addımın İranla gərginliyi və hərbi zərbə ehtimalını artırdığını bildirirlər.

İranda hökumətə qarşı etirazlarda minlərlə insan öldürüləndən sonra ABŞ prezidenti Donald Tramp Tehranı hərbi zərbələrlə hədələyib. Amma o, sonradan bu təhdidindən geri çəkilsə də, islam respublikasına hücumu tam çıxdaş da etməyib.

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi radionun fars xidməti ilə birlikdə bu ehtimaldan yazır. Ekspertlərin mövqeyincə, hərbi qüvvələrin artırılması, ABŞ-nin regionda donanma təlimləri planlaşdırması İrana təzyiqi artırır, Vaşinqton İrana hücumu seçərsə, daha çox hərbi hücum variantlarına yol açır.

"Bu, İrana bir mesaj ola bilər ki, biz hazırıq, gücümüz, qabiliyyətimiz yerindədir", – Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun aparıcı əməkdaşı Fərzin Nadimi "Radio Fərda"ya deyib.

O, Fars körfəzində "açıq aqressiv" hərbi qüvvə cəmlənməsinə işarə edərək ABŞ-nin İrana zərbə imkanlarının çox yüksək olduğunu bildirir.

"USS Abraham Lincoln" təyyarədaşıyanı və onu müşayiət edən üç eskadra mina gəmisi 5 min əsgərlə birlikdə Yaxın Şərqə yol alıb. ABŞ Mərkəzi Komandanlığı regiona "F-15E Strike Eagle" qırıcılarının da göndərildiyini bildirib.

Üstəlik, ABŞ Hava Qüvvələri yanvarın 25-də Yaxın Şərqdə bir neçə günlük hərbi təlimlərə başladıqlarını açıqlayıb.

Ötən il ABŞ və İsrail İranın nüvə obyektlərinə hava zərbələri endirməzdən öncə Birləşmiş Ştatlar hərbi qüvvələrini regiona yönləndirmişdi.

İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə bütün bunlara həyəcan səviyyəsini qaldırmaqla reaksiya verib, İranın İraq, Livan və Yəməndə dəstəklədiyi silahlı qrupları Tehranı dəstəkləməyə çağırıb.

Risklər

ABŞ mediası Trampın İrana qarşı bir neçə hərbi variantı nəzərdən keçirdiyini yazır. Həftələr, yaxud aylarla çəkəcək hava kampaniyası aparıla, İranın təhlükəsizlik qüvvələrinə simvolik zərbələr də endirilə bilər. Əlavə iqtisadi sanksiyaların da nəzərdən keçirildiyi xəbər verilir.

Amma ekspertlər istənilən hərbi addımın riskləri olduğunu, bütün regionu çalxalaya biləcəyini deyirlər. Tehran ABŞ-nin Fars Körfəzindəki bazalarını, eləcə də İsraili vuracağını bildirib.

"Bədəli proqnozlaşdırmaq mümkün deyil, ABŞ müttəfiqlərinə, Fars Körfəzində gəmilərə hücumlar ola bilər. Regiondakı tərəfdaşlar bədəl ödəmək istəmirlər", – iranlı keçmiş diplomat Mehrdad Xansəri "Radio Fərda"ya söyləyib.

Region ölkələri isə qapalı şəkildə Vaşinqtona müraciət edərək təmkinli davranmağa çağırıblar, ABŞ-İran gərginliyinin daha geniş münaqişəyə səbəb ola biləcəyindən narahatdırlar.

Xansəri deyir ki, quru müdaxiləsiz hava kampaniyası rejim dəyişikliyinə səbəb olmaz, əgər Vaşinqtonun son hədəfi budursa.

Yaxın Şərqdə ən böyük və ən çox əhalisi olan ölkəyə quru qoşunları ilə müdaxiləni bir çox hərbi ekspertlər uğurlu olacaq variant saymırlar.

Xansəri deyir ki, bu halda iş açıq qalır, "Damokl qılıncı kimi rejimin başı üzərində asılır, amma təkcə hava zərbələri rejimi devirməyə, onun təhlükəsizlik qüvvələrini məhv etməyə qadir deyil". Onun ehtimalına görə, zərbələr zamanı hökumət qüvvələri sadəcə gizlənəcək, hücumlardan sonra yenidən baş qaldıracaq.

Zərbə necə baş verə bilər

Nadiminin sözlərinə görə, ABŞ-nin planlaşdırdığı hərbi təlimlər real əməliyyatlar üçün örtük rolunu oynaya bilər. O deyir ki, ABŞ İranın radar və rabitə şəbəkələrini sıradan çıxarmaq üçün elektron müharibə vasitələrinə, kiberhücumlara əl ata bilər. Daha sonra "stels" bombardmançıları və qırıcı təyyarələr radio sükut fonunda hava hücumundan müdafiə sistemlərini yararaq komanda mərkəzlərini, raket obyektlərini vura bilər.

Amma ekspertlərin fikrincə, münaqişə baş verərsə, İran müdafiəsiz qalmayacaq.

İranın Fars körfəzinin dar sularında ABŞ hərbi gəmilərini təhdid etməyə qadir qanadlı raketləri, həmçinin regiondakı bazaları vura biləcək ballistik raketləri var. İran buna eyham da vurub, həftəsonu Tehranın əsas meydanlarından birində böyük banner yerləşdirib, orada ABŞ təyyarədaşıyan gəmisinin raketlərlə vurulması əks olunub.

Nadiminin sözlərinə görə, Vaşinqton simvolik xarakterli zərbəyə əl atsa belə, İranın buna oxşar cavab verməsi ehtimalı böyükdür.