İran vətəndaşı Xəzərdə qayıqla Azərbaycan sərhədini pozub
19 Sentyabr 2024
Sentyabrın 10-da gecə saatlarında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran istiqamətində hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub. Sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.
Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərək sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq ərazisinə keçməyə cəhd göstərən 1995-ci il təvəllüdlü İran vətəndaşı Bəhnam Bəndə Muhamməd saxlanılıb.
Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu siqaret aşkar olunaraq götürülüb.