Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran rialı rekord həddə ucuzlaşıb

İranın milli valyutası olan rial ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb. Dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltmək üzrə danışıqların yubandığı bir dönəmdə ABŞ-ın sanksiyaları İran iqtisadiyyatına zərbə vurur.

İyunun 12-də bir dollar 332 min riala bərabərləşib. Bunu Tehrandakı treyderlər və Bonbast.com valyuta mübadiləsi saytı təsdiqləyir.

Bir gün öncə bir dollar 327 min, ayın əvvəlində isə 318 min riala bərabər idi.

Nüvə sazişi

2015-ci ildə İran dünya gücləri ilə nüvə sazişi imzalayanda bir dollar 32 min rial olub.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması qarşılığında maliyyə sanksiyalarının qaldırılmasını nəzərdə tuturdu.

Amma 2018-ci ildə ovaxtkı ABŞ Prezidenti Donald Tramp ölkəsini sazişdən çıxardı, İran iqtisadiyyatına ağır sanksiyaları bərpa etdi. Bundan sonra İran da sazişin məhdudiyyətlərini pozmağa başladı.

Tramp deyirdi ki, Tehran regionda ekstremist fəaliyyəti maliyyələşdirməklə və nüvə silahı hazırlamaq cəhdlərini davam etdirməklə nüvə sazişinin ruhunu pozur.

Tehran isə ekstremistləri dəstəkləmədiyini, nüvə proqramının sırf dinc məqsədli olduğunu bildirir.

Mərkəzi bank hərəkətə keçib

Prezident Co Bayden pakta qayıtmaq istədiyini bildirib, amma İrandan ilkin sazişin şərtlərini bərpa etməyi tələb edib.

Sanksiyalar, rialın ucuzlaşması İran iqtisadiyyatına ağır zərbə vurub, bir çox şəhərlərdə küçə etirazları amansızlıqla yatırdılıb.

Tasnim yarırəsmi xəbər agentliyinin məlumatına görə, İran mərkəzi bankı iyunun 12-də bir qrup valyuta treyderinin iclasını keçirib, rialı möhkəmləndirməyin koordinasiyası müzakirə olunub.

İran iqtisadiyyatı gücləndirmək niyyətilə iyunun 11-də Venesuela ilə 20 illik əməkdaşlıq planı imzalayıb.

Plana neft, neft-kimya, turizm və mədəniyyət sahələrində əməkdaşlıq daxildir.