İran PUA və raketlərlə İsrailə hücuma başlayıb
14 Aprel 2024
İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum edib.
Bu barədə "The Jerusalem Post" məlumat yayıb.
KAN radiosu isə daha əvvəl bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib. Bundan başqa, İranın İsrail istiqamətində qanadlı raketlər buraxdığı da bildirilir.
Eləcə də "Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.
Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.
Bundan başqa, İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb.
Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlara qadağa səlahiyyətlilərə əlavə xəbərdarlıq edilənədək" tətbiq olunub.
İsrail Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində bildirib ki, İsrail İranın birbaşa hücumuna hazırdır və buna cavab verəcək.
"Biz həm müdafiədə, həm də hücumda istənilən ssenariyə hazırıq. İsrail dövləti, ordusu, ictimaiyyət güclüdür", - o qeyd edib.