İran müharibəsindən sonra neftin qiyməti düzələcəkmi
14 Mart 2026
ABŞ prezidenti Donald Tramp İran müharibəsinin tezliklə bitəcəyini vəd edə bilər, amma onun siyasi nəticəsi savaş dayanandan sonra uzun müddət qalacaq. "Politico" nəşri neftin qiymətinin uzun müddət yüksək həddə qala biləcəyinin beş səbəbindən yazır.
Birinci səbəb fizikidir, çünki İran müharibəsi Körfəz regionunda enerji bazarlarına elə bir ziyan vurub ki, sürətli bərpa mümkün deyil. Bunu qlobal enerji bazarları üzrə ekspert Ənəs əl-Haci deyir.
İkincisi, Tramp müharibəni başlada bilər, amma onu birtərəfli dayandırmaq gücündə deyil. İran hücumları dayandırmayacağını deyir, regionda enerji infrastrukturunu hədəf alır.
Üçüncüsü, vəziyyət daha da pisləşə bilər. Artıq İranın Hörmüz boğazına minalar yerləşdirməsinə dəlil var. Neft təhlilçisi Rori Constonun fikrincə, bu, enerji bazarlarının normal tempə qayıdacağının hələ çox çəkə biləcəyini göstərir.
Dördüncüsü, təhlükə təkcə minalardan qaynaqlanmır. Enerji infrastrukturuna İrandan və digər qruplardan hücumlar günbəgün genişlənir. Bu həftə Hörmüz boğazında üç gəmi vurulub.
Və nəhayət, beşinci səbəb regionda İrandan başqa da düşmən aktorların olması ilə bağlıdır. İranın qətlə yetirilmiş ali dini lideri Əli Xameneinin bütün regionda tərəfdarları vardı.
"Liderlərinin öldürülməsi onları qəzəbləndirib. Son 15 ildə texnologiya o qədər inkişaf edib ki, çox asanlıqlar 500 dollarla çoxmilyonluq ziyan vurmaq olar", – əl-Haci belə deyir.
Dünya birjalarında neftin qiyməti günbəgün artmaqdadır. Martın 13-də "Brent" neftinin bareli 100 dolları keçib. "Qərbi Texas" neftinin bareli isə 16 sent düşərək 95.57 dollar olub.