İran millisinin iki futbolçusu Avstraliya vətəndaşlığı alıb
07 Avqust 2026
İran qadın futbol millisinin keçmiş üzvləri Fatimə Pəsəndidə və Atifə Raməzanizadə Avstraliya vətəndaşlığı alıblar. Onlar fevralın sonunda - ABŞ və İsraillə İran arasında müharibə başlayanda, Asiya Kuboku yarışları zamanı Avstraliyadan sığınacaq istəmişdilər.
Müharibənin ilk günlərinə təsadüf edən ilk oyunda İran millisinin futbolçuları dövlət himnini oxumamışdılar. Bundan sonra İran mediasında onların ünvanına "xəyanət" ittihamı səslənincə, komandanın bir neçə üzvü Avstraliyada qalmağa qərar vermişdi.
Futbolçulara təzyiqlərin artması və İranda yaşayan ailələrinin təqib olunmasına dair xəbərlərdən sonra komandanın əksər üzvləri İrana qayıdıb. Pəsəndidə və Raməzanizadə isə Avstraliyada qalıblar.
Avqustun 5-də Brisbendə keçirilən rəsmi mərasimdə Avstraliyanın daxili işlər naziri Toni Börk vətəndaşlıq sənədlərini hər iki futbolçuya şəxsən təqdim edib.