Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran iyulda azı 71 nəfəri edam edib

İranda iyulda azı 71 nəfəri edam edilib. Onların arasında ilin əvvəlində kütləvi antihökumət etirazlarında iştirak etmiş altı nəfər də var. Məlumatı Norveçdə yerləşən "Iran Human Rights" (IHR) hüquq müdafiə təşkilatı yayıb.

Məlumata görə, ilin ilk yeddi ayında İranda qeydə alınan edamların sayı azı 444-ə çatıb. Yüzlərlə insanın hazırda ölüm cəzası ilə üz-üzə olduğu bildirilir.

Fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan İranda hüquq müdafiə təşkilatlarının siyasi məhbus saydığı şəxslərin edamlarının sayı kəskin artıb. Onların sırasında etirazçılar, qadağan olunmuş qruplara üzv olduğu bildirilən, casusluqda təqsirli bilinənlər var.

Fəallara görə, edamların sayının artması hakimiyyətin iranlılar arasında qorxu yaratmaq, etirazların təkrarlanmasının qarşısını almaq cəhdidir.

"İslam Respublikası ilə ABŞ və İsrail arasında gedən hərbi münaqişədən milli təhlükəsizlik bəhanəsi altında edamları artırmaq üçün istifadə olunacağından ciddi narahatıq", – IHR-in direktoru Mahmud Əmiri-Müqəddəm bildirib.

"Beynəlxalq ictimaiyyət İslam Respublikasının ölüm cəzasından istifadəsinə daha güclü və koordinasiyalı təzyiqlə cavab verməlidir", – o vurğulayıb.