Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran dörd günlük atəşkəsdən sonra ABŞ-ın bazasına ballistik raketlər atıb

İran İordaniyada yerləşən ABŞ hərbi bazasına ballistik raketlər atıb.

Bu barədə mənbəyə istinadən "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb.

Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində bildirib ki, hərbçilər raketləri ələ keçiriblər.

"Bu gün ABŞ-nin Şərq sahili vaxtı ilə 17:45-də (29 iyul, Bakı vaxtı ilə 01:45-də - red.) İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri - red.) ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə qəfil hücum həyata keçirməyə cəhd edib. Bütün İran raketləri uğurla ələ keçirilib", - paylaşımda bildirilib.

Tərəflər cümə günündən bəri zərbə mübadiləsi aparmayıb, bundan əvvəl isə, demək olar, iki həftə ardıcıl bir-birini bombalayıblar. ABŞ İslam Respublikası ərazisindəki hərbi və infrastruktur obyektlərinə hücum edib, İran isə Amerika bazalarına zərbə endirməklə cavab verib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana genişmiqyaslı zərbələri bərpa edib. İran isə yenidən ABŞ-nin region ölkələrindəki hərbi infrastrukturunu hədəf alıb.

İyulun 25-də ABŞ Prezidenti Donald Tramp orduya İrana hücumları dayandırmağı tapşırıb və bundan sonra tərəflər qeyri-rəsmi atəşkəs əldə ediblər.