İran DÇ-2026-nı boykot edə bilər: Mehdi Tacdan ABŞ və FIFA-ya ultimatum
07 May 2026
ABŞ İranın hərbi və dövlət institutlarına, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) hörmətlə yanaşılacağına dair rəsmi təminat verməsə, milli komanda 2026-cı il dünya çempionatında iştirak etməyəcək. Bunu İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac bildirib.
O, mayın 5-i axşam verdiyi açıqlamada İran yığmasının turnirə ciddi hazırlaşdığını vurğulayıb. Federasiya rəhbərinin sözlərinə görə, yerli çempionat başa çatdıqdan sonra futbolçuların təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmək üçün Türkiyəyə yollanacağı gözlənilir.
M.Tac bildirib ki, federasiya FIFA prezidenti Canni İnfantino və digər rəsmilərlə keçiriləcək görüşlərdə "ciddi təminatlar" tələb edəcək.
M.Tac özünün və daha iki rəsmi şəxsin FIFA konqresinə gedərkən Toronto hava limanından geri qaytarılması insidentinə də toxunub. Onun sözlərinə görə, əgər ABŞ-də bənzər hadisə təkrarlanarsa, milli komanda turnirdə iştirakdan imtina edərək geri qayıda bilər.
"Milli institutlarımıza, xüsusilə SEPAH-a hörmətsizlik edilməsinə yol verilməməlidir. Onların hərbi qurumlarımızı və rəsmi şəxslərimizi təhqir etməyə ixtiyarı yoxdur", – o vurğulayıb.
İran Futbol Federasiyasının yaydığı məlumata görə, nümayəndə heyəti "Toronto hava limanındakı immiqrasiya məmurlarının davranışı və ölkənin silahlı qüvvələrinin strateji qurumlarından birinə qarşı təhqiramiz münasibət" səbəbindən Kanadaya səfərini yarıda qoyaraq geri dönüb.
Kanada hökuməti isə konkret ad çəkmədən bəyan edib ki, SEPAH ilə hər hansı əlaqəsi olan şəxslərin ölkəyə girişinə icazə verilmir. Ottava 2024-cü ilin iyununda SEPAH-ı rəsmən terror təşkilatları siyahısına daxil edib. ABŞ da Donald Trampın ilk prezidentliyi dövründə (2019-cu ildə) analoji addım ataraq bu qurumu terror təşkilatı kimi tanımışdı.