Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran azərbaycanlıları ilə söhbət: "Yüzlərlə adam həbs olunub" - VİDEO


İranda 20 gündən çoxdur davam edən aksiyaların miqyası genişlənir və fərqli sosial təbəqələrdən olan etirazçılar nümayişlərə qoşulur. Bunu İran Azərbaycanından olan insan hüquqları müdafiəçiləri BBC News Azərbaycancaya müsahibələrində deyiblər.


https://www.youtube.com/watch?v=3Pf5eNzQ8m4



BBC Farscanın məlumatına görə, İranda onlarla universitetdə həmrəylik etirazları - oturaq aksiyalar və tətillər keçirilib.





Polis Tehranda və Təbrizdə universitetlərdə olan etiraz aksiyalarına müdaxilə edib, yüzlərlə saxlanılan və yaralıların olduğu bildirilir.




Norveçdə yaşayan ƏHRAZ insan hüquqları təşkilatının nümayəndəsi Şahin Xiyavlı BBC News Azərbaycancaya deyib ki, Məhsa Əminin ölümündən sonra başlayan etirazların ilk günü Təbrizdə fəallar həbs edilib, sonradan isə İran azərbaycanlılarının yaşadığı Təbriz, Ərdəbil, Zəncan, Mərənd, Xiyav kimi şəhərlərində də etirazlar başlayıb.





"Xüsusiylə Təbriz Universitetində olan etirazlar böyük idi və əsas medialar, müxalifət mediaları belə o haqda xəbər vermədilər. İndi də Təbriz Universitetində tələbələr mühasirədədir. Gecə yarısı tökülüb tələbələrin bir çoxunu güllə ilə yaralayıblar. 50-ə yaxın tələbəni tutub aparıblar. Bizə ƏHRAZ-a gələn xəbərlər bunu göstərir. Kərəsdə yaşayan Hədis Nəcəfi öldürülüb. Ona 6 güllə vurulub və onun ailəsinə xəbəri yayamamaqla bağlı təzyiqlər olub. Onun öldürülməsi xəbəri də mediada yayılıb", - ƏHRAZ-ın nümayəndəsi Şahin Xiyavlı deyib.





Almaniyada mühacirətdə olan İşıq yolu Qeyri Hökümət Təşkilatının nümayəndəsi Şərifə Cəfərinin sözlərinə görə, bu etirazlar insanların siyasi idarəetmədən artıq cana doyduğunu göstərir





Onun fikrincə, bu etirazlar heç də İran hökümətinin xeyrinə nəticələnməyəcək.





"Universitetlərdə etirazlar başlayıb. Təcrübə göstərir ki, İranda bu inqlabın başlanğıcı deməkdir. Hətta son günlərdə artıq liseylərdə tələbə qızlar etirazlara başlayıblar. Qızlarla danışmağa gələn hökümət qüvvələrini qızlar qovurlar, baş örtüklərin çıxarıb etiraz edirlər", - Şərifə Cəfəri bildirib.





Şərifə Cəfəri deyib ki, onun müşahidələrinə görə, etirazlar bütün ölkəboyu keçirilir, Tehrandakı mədrəsələrdən İran azərbaycanlılarının yaşadığı şəhərlərə kimi.





Müstəqil insan haqqları müdafiəçisi Yaşar Hakakpour deyib ki, İranda azəraycanlılar yaşayan əyalətlərdə həbs olunanların sayı minlərlədir.





"Çalışırıq ki, həbs olunanların ailələri, yaxınları ilə əlaqə saxlayıb onları mediada işıqlandıraq. Beləliklə onların hüquqlarını müdafiə edək, amma ailələri qorxudurlar ki, əgər həbslər barədə danışsalar onların yaxınlarının cəzası sərtləşdiriləcək. Bunu da ona görə edirlər ki, insanlar qorxsun, məlumat verməsin", - Yaşar Hakakpour bildirib.





Cənab Hakakpour bildirib ki, 2006-cı ildən bəri İran azərbaycanlılarının yaşadığı bölgələr ölkənin müxtəlif yerlərində olan kütləvi etirazlara qatılmayıb, amma bu dəfə qadın haqları ilə başlayan etirazlarda fəal iştirak edirlər.





Onun sözlərinə görə, polis Təbrizdə universitet tələbələrinin etirazın sərt müdaxilə edib, zorakılıqlar törədib.





"Üç gün əvvəl Təbriz Universitetində tələbələrin universitetin içində etirazı zamanı təhlükəsizlik qüvvələri onlara qarşı amansız davranıblar. İddialara görə, yaralanıb yerə yıxılanları başlarından dəyənəklə vurublar, ölümünə döyüblər. Onlardan 50 nəfər yaralanıb, 300 nəfər həbs olunub. İnsanları elə qorxudublar ki, hələ də dəqiq sayı müəyyən edə bilməmişik",- Yaşar Hakakpour deyib.





İranda polis qüvvələrinin komandiri Hossein Ashtari tələbələrin valideynlərinə səslənib və xahiş edib ki, onlar öz övladlarının dərsləri boykot etməkdən çəkindirsinlər, İran mediası xəbər verib.





İranın Mehr xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikası polis qüvvələrinin komandanı bildirib ki, qanunla qadağan olunduğu üçün polis heç vaxt universitetlərə daxil olmayıb.





İnsan hüquqları müdafiəçiləri deyirlər ki, universitetlərə və təhsil mərkəzlərinə son hücumlar adətən xüsusi geyim forması olmayan və hökumətin mülki geyimli agentləri kimi tanınan şəxslər tərəfindən həyata keçirilir.





İranda etiraz dalğası 22 yaşlı Məhsa Əmininin "baş örtüyünü düzgün taxmadığına" görə əxlaq polisi tərəfindən saxlanılması və onun orada şübhəli şəkildə ölməsindən sonra başlayıb.





İranın Ali Dini Rəhbəri davam edən etirazların arxasında ABŞ və İsrailin durduğunu bildirib. Əli Xamenei 22 yaşlı Məhsanın ölümündən çox təəssüfləndiyini deyib və bunu "çox kədərli bir hadisə" kimi qiymətləndirib.





Ölkənin bir çox şəhərlərinə yayılan və 100-dən çox insanın ölümünə səbəb olan etirazlar haqqında danışan Xameneyi kütləvi çıxışların "əvvəlcədən planlaşdırıldığını" və nümayişçilərin " adi iranlılar olmadığını" deyib.