Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İddiaların heç bir mənəvi əsası yoxdur" - Azərbaycan XİN Borrelə cavab verib

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa Parlamenti üzvlərinin suallarına cavabında Aİ-nin Azərbaycanı "Azərbaycanda saxlanılan erməniləri azad etməyə və repatriasiya etməyə" çağırdığını bildirib. Onun sözlərinə görə, bu, tərəflər arasında sülh prosesinə və etimadın möhkəmləndirilməsinə şərait yaradacaq.

Borrel həmçinin deyib ki, Aİ-nin Bakıdakı nümayəndəliyi erməni əsirlərlə müntəzəm əlaqəni təmin edən Qırmızı Xaç Komitəsi ilə sıx əlaqədədir.

"Aİ həmçinin Azərbaycanı Qarabağ ermənilərinin qorxutma və ayrı-seçkiliyə yol verilmədən öz evlərinə qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarını təmin etməyə çağırmaqda davam edir", deyə Borrel qeyd edir.

Aİ ali nümayəndəsinin çağırışını şərh edən Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bunu "erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhd" adlandırıb. "Biz bu yalan və təhrikedici iddiaları rədd edirik".

XİN nümayəndəsi hesab edir ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib.

"Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir", deyə Hacızadə qeyd edib.

Ermənilərin Qarabağa qayıtmaq hüququna gəlincə, "Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər", deyə XİN nümayəndəsi qeyd edib.