Hindistandan İngiltərəyə uçan təyyarə qəzaya uğrayıb, 241 nəfər ölüb, 1 nəfər sağ qalıb - YENİLƏNİB
12 İyun 2025
Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə NDTV telekanalı məlumat yayıb. Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub. Onlardan 241 nəfəri ölüb, 1 nəfər sağ qalıb. Sağ qalan şəxs Hindistan vətəndaşıdır və hazırda xəstəxanadadır.
Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib. Yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib. Nəticədə 50 nəfər xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.