Həkimlərin Ələsgər Məmmədlinin sağlamlığı haqqında cavabı saxtadır - Vəkil
16 May 2024
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Ələsgər Məmmədlidən aprelin 26-da götürülən təhlilin nəticələri haqqında məlumat verib.
"Məktubda deyilir ki, Ələsgər Məmmədlinin qanında hormonların səviyyəsi norma civarında olub", deyə vəkil Aqil Layıc bildirib. Həmçinin qeyd olunur ki, onkoloq ilə konsultasiya edilib və onkoloq "hazırda kəskin onkoloji prosesin izlənilmədiyini" bildirib. Bu zaman sitoloji təhlil üçün düyünün histoloji müayinəsinin təcili aparılmasına zərurət olmadığı, planlı qaydada keçirilməsinin mümkün olduğu qeyd edilib.
"Həmçinin yazıblar ki, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şikayəti olmayıb", deyə vəkil əlavə edib.
Lakin, onun sözlərinə görə, məktubda yazılanlar həqiqətə uyğun deyil.
"Ələsgər Məmmədlinin qalxanabənzər vəzində olan düyünün ölçüsü 23 millimetrdir. Bu da tibbi zərurətə əsasən həmin şişin hispoloji müayinəsi zəruri edir. Ələsgər bəy qeyd edir ki, onunla bağlı ciddi müayinə aparmayıblar, histoloji müayinənin aparılması üçün ümumiyyətlə texnikaları yoxdur. Ələsgər bəy həkimə qeyd edib ki, artıq onun boğazında olan düyünlər onu yatmağa belə qoymur, boğulmalar baş verir", deyə vəkil bildirib.
Vəkil Məmmədlini biopsiya müayinəsi üçün yenidən Baş Tibb İdarəsinə müraciət edib.
Xatırladaq ki, Toplum TV-nin təsisçisi martın 8-də əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən pul qaçaqmalçılığı ittihamı ilə həbs olunub.
Martın 6-da Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun 7 əməkdaşı saxlanılıb. Onlardan beşi həbs edilib, ikisi isə polis nəzarətinə verilib.