Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hakimiyyət siyasi partiyalarla görüş keçirib - AXCP iştirak etməyib

Dövlət qeydiyyatında olan siyasi partiyalardan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi görüş iştirakçıları arasında olmayıb.

Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Sonra müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” yeni qanundan irəli gələn məsələlərlə bağlı təmsil etdikləri orqanların gördüyü işlər barədə məlumat veriblər.

Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət barədə danışıb.

Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılmasından danışıb.

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması haqda məlumat verib.

Hesablama Palatasının nümayəndəsi siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə diqqəti yönəldib.

Sonra partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Rəsmi məlumatda görüşdə iştirak edən partiyaların adları sadalanıb. Ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyası siyahıda olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi partiyanın görüşdə iştirak etməməsinin səbəblərilə bağlı Turan-ın sualına cavabda deyib ki, onun təşkilatı dəvət olunmayıb. Ancaq dəvət olunsaydı belə, partiya müzakirələrdə iştirak etməzdi. Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edir ki, hakimiyyətlə dialoq müzakirələrin mövzusu əvvəlcədən müəyyənləşdirildiyi təqdirdə mümkündür.