Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda vəziyyət qarışdı: polis və etirazçılar toqquşdu, saxlanılanlar var

Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

Minlərlə Gürcüstan vətəndaşı hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edir. Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlayan aksiyada əsasən gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları iştirak edir.

Aksiya səbəbilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Mitinqdə çıxış edən Gürcüstanın tanınmış ictimai xadimləri, universitet müəllimləri qanun layihəsinin Gürcüstan qanunu olmadığını, Rusiya qanunu olduğunu, qanunun qəbul edilməsinin ölkəyə xəyanət olacağını, Gürcüstanın maraqlarına zidd olduğunu və xalqın iradəsini əks etdirmədiyini bildirirlər.

Daha sonra Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşib, etirazçılarla polis arasında toqquşmalar baş verib.Gürcüstan polisi Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər.

Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Yerli KİV-in məlumatına görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.

Gürcüstan Prezidenti Salome Zurabişvili aksiyaçılara dəstək verib.O, bu barədə özünün "X"dəki hesabında yazıb.

“Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər aparılır. Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq”, - Prezident qeyd edib.