Gürcüstanda elektrik kəsintiləri ilə bağlı ilkin araşdırmanın nəticələri açıqlanıb
31 İyul 2026
Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) yaratdığı işçi qrupu iyulun 24-də ölkədə baş vermiş genişmiqyaslı elektrik kəsintisi ilə bağlı araşdırmanın ilkin nəticələrini təqdim edib.
İyulun 24-də Gürcüstanın enerji sistemi Azərbaycanın enerji sistemindən ayrılıb və təcrid olunmuş rejimdə fəaliyyət göstərməyə başlayıb. Nəticədə sistemdə tezlik və gərginlik azalıb, kritik həddə çatdıqdan sonra isə elektrik stansiyaları və istehlakçılar arasında zəncirvari enerji kəsintiləri baş verib.
İşçi qrupunun nümayəndəsi Tornike Apriaşvilinin sözlərinə görə, hadisənin ilkin səbəblərindən biri "Energo-Pro Georgia" şirkətinə məxsus "Kutaisi 220" yarımstansiyasından çıxan 110 kV-luq "Gequti" elektrik ötürücü xətti ilə bağlı olub.
Araşdırmada qeyd edilir ki, Gürcüstan Dövlət Elektrik Sistemi (GSE) Azərbaycanla avtomatik ayrılma riskini minimuma endirmək və enerji sisteminin etibarlılığını təmin etmək məqsədilə mövcud rele mühafizəsi və avtomatlaşdırma sistemlərini əvvəlcədən yenidən hesablamalı idi.
İşçi qrupunun qənaətinə görə, GSE elektrik ötürücü xətlərində tam sürətli mühafizə sistemlərinin quraşdırılmasını gözləmədən qabaqlayıcı tədbirlər görməli idi.