
Gülsatan: "Hər adam bu işlə məşğul ola bilməz"
15 Fevral 2025
Mənbə: BBC
"Necə yaşayırsan? Bizə danış!"ın budəfəki qəhrəmanı gülsatan Pərviz Məmmədovdur. O deyir ki, güllərlə işləməyə uşaqlıqdan başlayıb.
"Uşaq vaxtından həvəsim olub. O vaxt həyətimizdə "gül parnikləri" olub. Düzdür, o vaxt indiki güllər yox idi, daha çox qərənfillər idi. Qərənfillərlə məşğul ola-ola, bu güllər də çıxdıqca, onları da öyrənmişəm. Yəni, həm bir aqronom kimi, həm də bir gülçü kimi artıq 25 ildir ki, fəaliyyətim var", - Pərviz Məmmədov deyir.
Onun sözlərinə görə, daha çox 14 fevral Sevgililər günündə, 8 Mart və Novruz bayramlarında gül alanlar artır.
Pərviz Məmmədov, həmçinin bildirir ki, güllərlə işləmək onun üçün həyat tərzidir:
"Mən heç onun pulunu saymıram. İşim olduğuna görə, sevə-sevə işləyirəm. Əsas odur ki, müştərim məndən razı qalsın. Yəni, gündəlik dolanışıq olur, qazan qaynayır, Allah bərəkət versin''.