Logo
news content
User
Kateqoriyalar

Xəbər

Görünməmiş vəhşilik: ruslar Ukraynada hərbi cinayətlərin dozasını hər gün daha da artırır

Rusiya ordusu Ukraynada dinc əhaliyə qarşı hərbi cinayətlərin dozasını hər keçən gün daha da artırır. Xüsusən mühasirədə olan Mariupol şəhərində əsl insanlıq dramı hökm sürür.

Ötən gün Rusiya aviasiyası şəhərdə yüzlərlə uşaqların və qadınların sığındığı teatr binasına böyük dağıdıcı gücə malik aviabomba ilə zərbə endirib, nəticədə bina yerlə bir olub. Ölənlərin sayını bilən yoxdur, çünki dağıntıları təmizləməyə və insanları xilas etməyə, meyitləri çıxarmağa xilasedicilər qalmayıb. İndiyədək şəhərdə 20 mindən çox dinc sakinin öldürüldüyü təxmin edilir, Rusiya ordusu şəhərdən çıxış yollarını atəşə tutur və əhalinin təxliyəsinə imkan vermir.



Luqansk vilayətində isə ötən gecə Rusiya artilleriyası Rubejnoye şəhərini intensiv atəşə tutub. Vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirir ki, ruslar şəhərə əsl cəhənnəmi yaşadıblar, onlarla ev darmadağın edilib. Onlarla sakin həlak olub, evlər yanıb. “Rusiya ordusu məqsədli şəkildə dinc sakinləri atəşə tutur, onların şəhərdən təhlükəsiz çıxışına imkan vermir. Bu günlərdə biz Rubejnoye şəhərindən çıxan sərnişin avtobusuna necə atəş açıldığını gördük”, - o bildirib.

Mariupolu bu günlərdə öz gücüylə tərk etməyə imkan tapmış sakinlərdən biri Kristina Clos isə Facebook-da yazıb ki, şəhərdə əsl dəhşət, fəlakət, insanlıq dramı yaşanır. Onun sözlərinə görə, sakinlər aramsız bombardmanların altından öz gücləri ilə, kalonlar şəklində, maşınların üstünə “Uşaqlar” sözü yapışdıraraq çıxa biliblər. “Bizi heç kim xilas etmədi, özümüz və Allah xilas etdi”, - o yazır.



Həmin sakin bildirir ki, şəhərdə qaz, su, işıq yoxdur. Əlləri, ayaqları qopmuş insanlar binaların həyətlərində köməksiz qalaraq qan itirir və can verirlər. Ölənləri harada gəldi qazıb basdırırlar və yaxınları sonradan onları tapa bilməyəcəklər. “İnsanları ölüm su axtarışına çıxanda, yaxud tonqal qalayıb sup bişirməyə çalışanda haqlayır”, - o bildirir.

Mariupol başçısı Vadim Boyçenko isə müraciətində bildirir ki, beş gündür şəhərdən çıxış üçün humanitar dəhliz yaradılacağı haqda vədlər eşidirlər, amma bu vədlərə əməl olunmur. Ona görə də sakinlər konvoylar halında raket və artilleriya atəşləri altında şəhəri tərk etməyə çalışırlar, ölümü gözə alıb yola çıxırlar. İki gün ərzində 6 500-dən çox şəxsi avtomobil Mariupoldan çıxa bilib.



Boyçenko dünən yerlə bir edilən teatr binasının dağıntıları altında nə qədər adamın qaldığını bilmədiklərini deyir. “Bu dəhşətli faciədir, amma biz təslim olmayacağıq. Biz hər şeyi edəcəyik ki, “yaşıl dəhliz” işləsin, insanlar istənilən yolla təxliyə oluna bilsinlər”, - mer bildirib. Boyçenko hazırda Ukraynada və xüsusən Mariupolda baş verənlərin “genosid” olduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenksi isə ötən gecə müraciətində Mariupol və Çerniqovda dinc insanların xüsusi qəddarlıqla qətlə yetirilməsindən danışıb. Onun sözlərinə görə, Rusiya aviasiyası məqsədli şəkildə Mariupolda teatr binasını böyük dağıdıcı gücə malik bomba ilə vurub. “Orada yüzlərlə uşaq sığınmışdı...Bina yerlə bir edilib. Həlak olanların sayı məlum deyil, Rusiyanın bizim xalqımızın başına gətirdiklərini görəndə ürək parçalanır. Onlar bizim Mariupolla, Donetsk vilayəti ilə necə qəddar davranırlar”, - Zelenski bildirib. Ukrayna prezidenti bildirib ki, işğalçılar bunu yaddan çıxarmasınlar – onların aldığı hər cana görə hesab soruşulacaq, qisas alınacaq.