Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Gerald R.Ford" təyyarədaşıyanı İsrailə yaxınlaşır, müharibə riski böyüyür

Fevralın 26-da İran və ABŞ diplomatları Cenevrədə danışıqların üçüncü raundunu başa çatdırıblar. Danışıqlarda vasitəçilik edən Oman bunu texniki baxış mərhələsinə doğru "əhəmiyyətli" addım kimi qiymətləndirib. Amma bir gün sonra ABŞ-nin "USS Gerald R.Ford" təyyarədaşıyan zərbə qrupu İsrailə yaxınlaşıb.

Bu addım nəhəng güc nümayişidir, həm də danışıqlarla bağlı optimist bəyanatlara balans kimi qiymətləndirilir.

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi diplomatiya ilə hərbi təzyiqin paralel getməsinin məqsədli göründüyünü yazır. Tramp administrasiyası güc təhdidini diplomatiyaya alternativ deyil, onu irəli aparan mexanizm kimi görür. Bunu isə AzadlıqRadiosunun fars xidmətinə Corc Vaşinqton Universitetinin müəllimi Məhəmməd Qaedi deyir.

Hücum sürprizi

"Danışıqlar son cəhd olsa belə, ABŞ bunu açıq elan etməyəcək. Bu isə mümkün hücum sürprizi qoruyub saxlamaq deməkdir", – Qaedi bildirir.

Onun fikrincə, danışıqlar iflasa uğrasa belə, Vaşinqton hərbi əməliyyatdan öncə onların bitdiyini rəsmən elan etməyəcək, hazırda hərbi-dəniz qüvvələrinin cəmləşdirilməsi əsas təzyiq rıçaqlarından biridir.

Qaeidi kəskin sıçrayış ehtimalına skeptik yanaşıb. Deyir, ümumi prinsiplər üzrə müzakirələr irəliləyə bilər, amma razılaşdırılması mümkün olmayan detallarla bağlı ciddi fikir ayrılığı qalır. Onlardan biri də uranın zənginləşdirilməsi səviyyəsidir.

ABŞ fevralın 27-də İsraildəki səfirliyinin fövqəladə xidmətdə olmayan əməkdaşlarının və onların ailə üzvlərinin İsraili tərk etməsinə icazə verib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Air Force Two" təyyarəsində jurnalistlərə deyib ki, potensial zərbə variantı aktiv nəzərdən keçirilir, ancaq mümkün münaqişə məhdud miqyaslı olacaq.

"Birləşmiş Ştatların Yaxın Şərqdə illərlə davam edəcək, sonu görünməyən müharibəyə girməsi ehtimalı yoxdur", – Vens deyib. O, Ağ evin diplomatik həllə üstünlük verdiyini, yekun qərarın İranın güzəştlərindən asılı olduğunu vurğulayıb.

Güc tətbiqinin məqsədi

İranın yüksəkvəzifəli rəsmilərinə yaxın media isə bu açıqlamalara etiraz edib.

Ali dini lider Əli Xameneinin müşaviri Əli Şəmxaniyə bağlı "Nour News" nəşri Vensi Konqresdə məhdud müharibə ehtimalı barədə dezinformasiya yaymaqda günahlandırıb, məqsədin münaqişə halında Trampa geniş səlahiyyətlərin verilməsinə əsas yaratmaq olduğunu bildirib. Nəşr Xameneinin son çıxışlarına istinadla xəbərdarlıq edib ki, İrana qarşı istənilən hücum daha geniş regional münaqişəyə səbəb olacaq.

Qaeidinin fikrincə, güc tətbiqi İranın nüvə sahəsindəki bilik və təcrübəsini məhv etməyəcək, daha çox Tehranı danışıqlar masasına qaytarmaq məqsədi daşıyacaq.

"İstənilən hərbi əməliyyat sonda İranın uranın yüksək dərəcədə zənginləşdirilməsindən imtina etməsinə gətirib çıxarmalıdır, danışıqlar və razılaşmalar yolu ilə", – o deyib.

ABŞ İsraildəki səfirliyinin bəzi əməkdaşlarının ölkədən çıxmasına icazə verir

ABŞ hökuməti İsraildəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə ölkədən çıxmağa icazə verəcək. Qüdsdəki səfirlik bu açıqlamanı regionda artan hərbi qarşıdurma riski fonunda yayıb.

Səfirlik bu qərara səbəb olan təhlükəsizlik riskləri barədə detallı informasiya verməyib. Fövqəladə xidmətdə olmayan əməkdaşlar ölkədən çıxmaqla bağlı özləri qərar verəcəklər.

ABŞ bu həftə Beyrutdakı səfirliyində bəzi əməkdaşları üçün məcburi çıxış göstərişi vermişdi.

Hazırda ABŞ ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar gedir. Bu arada ABŞ Yaxın Şərqə hərbi qüvvə cəmləyib.

Fevralın 26-da danışıqların son raundu bitincə vasitəçi Oman "əhəmiyyətli irəliləyiş" olduğunu, danışıqların texniki səviyyədə gələn həftə Vyanada davam edəcəyini bildirib.

ABŞ daha öncə İranı danışıqlarda razılaşma əldə olunmazsa, hərbi addımla hədələyib. Tehran isə bu halda regiondakı Amerika bazalarına zərbə endirəcəyi ilə təhdid edib. Mümkün eskalasiya halında İran İsraili də münaqişəyə cəlb edə bilər. İyunda iki ölkə 12 günlük müharibə aparıb.