Fordo nüvə obyekti məhv edilməlidir - Tramp belə hesab edir
20 İyun 2025
ABŞ Prezidenti Donald Tramp İranın Fordodakı yeraltı uran zənginləşdirmə obyektinin məhv edilməsini zəruri hesab edir və ona zərbə endirməyə meyillidir.
Bu barədə ABŞ-nin CBS televiziya kanalı məlumat yayıb.
Kanalın mənbələrinə görə, köməkçilər Amerika liderini Fordodakı nüvə obyektinin potensial bombardmanı ilə bağlı “risklər və üstünlüklər” barədə bilgiləndiriblər. Trampa görə, “Fordodakı İran obyektinin sıradan çıxarılması orada nisbətən qısa müddətdə silahların yaradılması riski səbəbindən zəruridir”.
“O hesab edir ki, seçim çox deyil. İşi tamamlamaq – Fordodakı obyekti məhv etmək deməkdir”, – mənbə bildirib.
Tramp iyunun 18-də jurnalistlərə bu obyektə zərbələr endirmək imkanı ilə bağlı hələ yekun qərar qəbul etmədiyini bildirib. O, jurnalistin Fordodakı obyektin məhv edilməsinin İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşmaların əldə edilməsi üçün zəruri şərt olub-olmadığı sualına mənfi cavab verib.