Logo
news content
User
Kateqoriyalar

Xəbər

Festivalda raket, dron və təyyarə modelləri yarışacaq

Aprelin 12-də “Yeni Texnologiyaların İnkişafına Dəstək” ictimai birliyinin təşəbbüsü ilə Bakıda “Aerokosmik Modelçilik Festivalı” keçiriləcək.

 

Xəzər rayonunun Hövsan qəsəbəsində yerləşən aviamodellərin uçuş meydançasında baş tutacaq festival 2 turdan ibarət olacaq, burada 7 növ üzrə raket, dron və təyyarə modelləri yarışacaq. Tədbirdə intellektual viktorinanın təşkili, habelə helikopter və təyyarə modellərinin aviaşou xarakterli nümayişi nəzərdə tutulub.

 

Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik cəhətdən təkmilləşdirmək imkanı verəcək. Yarışlar fərdi, eləcə də komanda şəklində olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçiriləcək, hazır modellərin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndiriləcək.

 

Festivalın əsas məqsədi Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin ahəngdar inkişafında, sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir. Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi həm intellektual aktivliyi, həm də təmiz havada fiziki fəaliyyəti özündə birləşdirir.

 

Festivalın 12 aprel 2024 cü il tarixdə səhər saat 10:00-dan 18:00-dək davam etməsi planlaşdırılıb. Yarış zamanı beynəlxalaq qaydalara uyğun bütün texniki təhlükəsizlik tədbirlər görüləcək. Bununla yanaşı, uçuş meydançasında FHN XRXX-nin Pirotexnika şöbəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirəcəklər. İctimai asayişin qorunmasına DİN əməkdaşları nəzarət edəcəklər.

 

Festival Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Hərbi Hava Qüvvələri, İnnovasiyalar Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AZAL, Xəzər Rayon İcra Hakimiyyəti, Aviasiya Akademiyası, habelə Hədəf STEAM Liseyi, IT INNOVATIONS Computer Academy, Robotzade MMC, NSR GROUP, Bucard, Başkənt Restoranı, Nərgiz Klinikası, ALTAY Engineering&Construction, LIFE ACADEMY, ETNA TRAVEL kimi digər qurumların tərəfdaşlığı ilə baş tutacaq.

 

Festivalda iştirak etmək istəyənlər https://forms.gle/dApUYnh7pgPi4uzk9 linki vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.