Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əsgər göndər, pasport al - Putinin səfərbərlik təşəbbüsü

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinə görə səfərbərliyə çağırılan döyüşçülərin ailələrinə xüsusi pasportların verilməsi təşəbbüsünü dəstəkləyir.

Putin bunu martın 6-da Kurqan vilayətinin qubernatoru Vadim Şumkovla video zəng formatında keçirdiyi görüşdə deyib.

Kurqanda səfərbərliyə çağırılan şəxslərin ailələrinə ayrıca pasportlar verilir.

Video zəng zamanı Putin belə bir təşəbbüsə görə qubernatora minnətdarlıq edərək vurğulayıb: “Səfərbərliyə çağırılmış hər əsgərin ailəsinə pasport verilməsi çox yaxşı ideyadır. Məncə, bunu bütün ölkəyə yaymaq gərəkdir”.

Rusiyanın “Kommersant” qəzeti yazır ki, səfərbərliyə cəlb olunanların ailələrinə xüsusi pasportlar təkcə Kurqanda yox, Voloqod vilayətində və Sankt-Peterburq şəhərində də verilir: “Povolojye regionunda da bu ideyanın reallaşdırlmasına hazırlıq görülür”.

Rusiyada Ukrayna müharibəsinə görə səfərbərliyə çağırılanların özləri ilə bərabər ailələri üçün də müəyyən güzəştlər nəzərdə tutulur. “Kommersant” yazır ki, xüsusi pasportlar belə ailələrin sosial problemlərinə ünvanlı yanaşmağa, bürokratik əngəlləri aradan qaldırmağa şərait yaradır.