Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzləri hissəsindən Ağrı dağının təsviri çıxarılır

Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzləri haqqında müddəa dəyişdirilib, Ağrı dağının təsviri sənəddən çıxarılır.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, layihədə qeyd olunur ki, Ermənistanın dövlət rəmzləri gerb, bayraq və himndir. Gerb və bayrağın təsviri, eləcə də himnin mətni qanunla müəyyən edilir.

Hazırkı Konstitusiyada isə bayrağın rəngləri ətraflı təsvir olunur. Həmçinin, gerbdə Ağrı dağı və Nuhun gəmisi, eləcə də dörd çarlığın gerblərinin əks olunduğu vurğulanır.

Qeyd edək ki, Ermənistan hakimiyyəti ötən il Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində pasportlardakı ştamplardan Ağrı dağının təsvirini çıxarıb.

Bu gün Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib. Yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.