Qalmaqallı xəfiyyənin dünyanı dəyişən müsahibəsi: “O görüşdən sonra halım pisləşdi...”
Aleksandr Litvinenkonun zəhərlənməsi necə baş verib?
23 Noyabr 2026
Noyabrın 23-də Aleksandr Litvinenkonun vəfatından 20 il ötür. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş əməkdaşının polonium-210 radioaktiv izotopu ilə zəhərlənməsi indiki Rusiya hakimiyyətinin başqa bir dövlətin ərazisində həyata keçirdiyi və məhkəmədə sübuta yetirilmiş ikinci qətl hadisəsi oldu (birincisi Qətərdə baş verən və çeçen ictimai-siyasi xadimi Zelimxan Yandarbiyevin qətli ilə nəticələnən partlayış idi).
Pressklub.az BBC rus xidmətinin redaktoru Yevgeni Kanevskinin bu hadisə ilə bağlı hazırladığı materialı təqdim edir.
***
Litvinenko ölümündən 12 gün əvvəl mənə qısa müsahibə vermişdi. Həmin günlərdə nələr baş verirdi və Litvinenkonun zəhərlənməsini Rusiya ilə Qərb arasındakı münasibətləri dəyişdirən, sonrakı iyirmi ilin çoxsaylı faciələrinin xəbərçisi olan dönüş nöqtəsi hesab etmək nə dərəcədə doğrudur?
11 noyabr 2006-cı il: bu, necə baş verdi
Litvinenkonun zəhərlənməsi barədə ilk açıq məlumatlar rusdilli mətbuatda 2006-cı il noyabrın 11-də yayıldı.
Həmin şənbə səhəri mən BBC-nin rus xidmətinin saytında növbətçi redaktor idim. Xəbər gündəminin o qədər də intensiv olmadığı bir vaxtda (başlıqlarda İraq müharibəsi, Yaponiyada “PlayStation 3”-ün satışa çıxarılması və müharibələrdə həlak olan yenizelandiyalılara Londonda yeni memorialın ucaldılması barədə xəbərlər vardı) FSB-nin xəstəxanaya yerləşdirilmiş keçmiş əməkdaşı haqqında bir neçə məlumat diqqətimi çəkdi.
Litvinenkoya Londonun Barnet rayonundakı xəstəxanada olarkən zəng etdim. Həmin vaxt onun hansı maddə ilə zəhərləndiyini bilmirdim. O, britaniyalı müstəntiqlərin fikrincə, çayına polonium qatmış Andrey Luqovoy və Dmitri Kovtunun adlarını da müsahibə zamanı çəkmədi.
Təxminən üç dəqiqə davam edən söhbətimizdən çıxara biləcəyimiz yeganə və əsas nəticə bu idi: Litvinenko zəhərləndiyindən şübhələnir və hadisənin hansısa şəkildə peşə fəaliyyəti ilə bağlı olduğunu düşünürdü (Müsahibənin tam mətnini bəzi zəruri izahlarla birlikdə aşağıda təqdim edirik).

Hər halda, həmin müsahibə zamanı heç ağlıma da gəlməzdi ki, təxminən iki həftə sonra Litvinenkonun zəhərlənmənin dəhşətli nəticələrini əks etdirən fotosu Britaniyanın bütün qəzetlərinin ilk səhifələrində dərc olunacaq və onun ölümü Rusiya ilə Qərb münasibətlərində yeni bir dövrün başlanğıcına çevriləcək.
1978-ci ildən bəri ilk belə qətl
Litvinenkonun öz təhlükəsizliyindən narahat olmaq üçün bütün əsasları vardı. O, keçmişdə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmuş, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Rusiya hakimiyyətinə qarşı çoxsaylı ciddi ittihamlar irəli sürmüşdü.
Bu ittihamların ən səs-küylüləri onun “FSB Rusiyanı partladır” adlı kitabında yer alıb. Litvinenko iddia edirdi ki, Vladimir Putinin prezident seçkilərində qələbəsini təmin etmək məqsədilə 1999-cu ilin sentyabrında yaşayış binalarının partladılmasını Rusiya hakimiyyəti təşkil edib. Rəsmi Moskva bu ittihamları həmişə rədd edib. Litvinenkonun bəyanatları hətta bəzi müstəqil jurnalistlər tərəfindən də şübhə altına alındı. Bununla belə, həmin iddialar böyük ictimai rezonans doğurdu.
2001-ci ildə Litvinenko Böyük Britaniyada siyasi sığınacaq aldı, 2006-cı ilin payızında isə, zəhərlənməsindən az əvvəl bu ölkənin vətəndaşlığına qəbul edildi.
Londonda başqa soyadla və Britaniya pasportu ilə yaşayan Litvinenko özünü nisbətən təhlükəsiz hiss edə bilərdi. Çünki həmin vaxta qədər uzun müddət idi ki, Rusiya hakimiyyətinin və ya hər hansı başqa ölkənin Böyük Britaniyada öz rəqiblərini qətlə yetirməsi ilə bağlı hadisə aşkar edilməmişdi.
İrlandiya Respublika Ordusunun çoxsaylı hücumlarını nəzərə almasaq, bu qəbildən olan sonuncu əməliyyat bolqar dissident və BBC-nin jurnalisti Georgi Markova qarşı həyata keçirilib. 1978-ci ilin sentyabrında Markov Temza üzərindəki körpüdə ucunda risin zəhəri olan kapsul gizlədilmiş çətirlə sancıldıqdan sonra vəfat etdi. Qatil tapılmadı, lakin hücumu təşkil etməkdə Bolqarıstan xüsusi xidmət orqanları və sovet KQB-si günahlandırılır.
2004-cü ildə Ukraynanın prezidentliyə namizədi Viktor Yuşşenko dioksinlə zəhərləndi. Narıncı inqilab dövründə Rusiyanın bu zəhərlənməyə aidiyyəti barədə versiya geniş yayılmadı. Ehtimallar əsasən Yuşşenkonun ölkə daxilindəki siyasi rəqiblərinin roluna yönəldi.
Lakin sonradan Ukraynanın Avropaya inteqrasiyasını müdafiə edən və Moskva ilə yaxınlaşmanın əleyhinə çıxan siyasətçi zəhərlənmənin təşkilində Rusiyanı ittiham etdi. 2024-cü ildə isə ABŞ kəşfiyyatı keçmiş Ukrayna prezidentinin adının Kremlin öldürməyə cəhd göstərə biləcəyi siyasi xadimlər sırasında çəkildiyi məxfi hesabatını açıqladı. Rusiya hakimiyyəti bu ittihamları şərh etmədi.
Litvinenkonun ölümündən xeyli sonra, Böyük Britaniyada aparılan ictimai təhqiqat onun qətlinin Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini və bu əməliyyatın, böyük ehtimalla, Vladimir Putinin şəxsi göstərişi ilə həyata keçirildiyini müəyyən etdi.
Hələ 2006-cı ildə, Litvinenkonun qətlində ittiham edildikdən sonra Rusiya hakimiyyəti bu gün də oxşar vəziyyətlərdə istifadə etdiyi bütün üsulları işə saldı: hər şeyi inkar etmək, Qərbi rusofobiyada günahlandırmaq və hamını çaşdırmaq üçün mümkün qədər çox müxtəlif versiya irəli sürmək.
Londonun cavabı: “gecikmiş, inandırıcı olmayan və acınacaqlı”
Bəs Böyük Britaniya istintaqın Litvinenkonun qətlində Rusiya hakimiyyətinin əli olduğuna dair gəldiyi nəticələrə necə reaksiya verdi?

Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) hesabatında Londonun Andrey Luqovoyun ekstradisiyasından imtina edən Rusiyaya qarşı gördüyü bir sıra tədbirlər sadalanır. Luqovoy zəhərlənmədə ittiham olunaraq məhkəmə qarşısına çıxarılmalı idi.
Böyük Britaniya dörd rusiyalı diplomatı ölkədən çıxardı, Rusiya ilə münasibətlərinə yenidən baxacağını bəyan etdi, viza rejimini sərtləşdirdi və xüsusi xidmət orqanları arasında əməkdaşlığı dayandırdı.
Bununla belə, o vaxt hakimiyyətdə olan leyborist hökuməti Rusiya ilə adi qaydada ticarət aparmaq istəyini gizlətmirdi. 2007-ci ildə həmin dövrün xarici işlər naziri Devid Milibend bildirmişdi ki, “Rusiya ilə Böyük Britaniya arasında iqtisadi inteqrasiya heç vaxt indiki qədər yaxşı olmayıb”. “Chatham House” hesabatının müəllifi xatırladır ki, Britaniya Lordlar Palatasının üzvlərindən biri Brayan Paddik hökumətin bu yanaşmasını “gecikmiş, inandırıcı olmayan və acınacaqlı” kimi səciyyələndirmişdi.
Sonrakı illərdə fəaliyyət göstərən bir neçə Britaniya hökuməti, ümumilikdə, oxşar yanaşmaya sadiq qaldı. Litvinenkonun dul arvadı Marina isə ərinin qətli ilə bağlı ictimai təhqiqatın aparılmasına yalnız 2014-cü ildə məhkəmə vasitəsilə nail ola bildi. O vaxta qədər Britaniya hakimiyyəti, o cümlədən Rusiya ilə münasibətləri korlamaq istəmədiyini əsas gətirərək, belə təhqiqat aparmaqdan ardıcıl şəkildə imtina edirdi.
Putin Rusiyasının xüsusi əməliyyatları
Bu arada Rusiyanın həm xaricdəki rəqiblərinə, həm də qonşu ölkələrə qarşı təcavüzkar hərəkətləri davam edirdi.
2008-ci ildə Moskva Gürcüstan ərazisinə qoşun yeritdi, 2014-cü ildə isə Ukraynanın Krım yarımadasını ilhaq etdi və öz ordusunun iştirakı ilə Donetsk və Luqansk vilayətlərində müharibəyə başladı.
Rusiyanın həmin dövrdə Ukraynada həyata keçirdiyi əməliyyatları da “xüsusi əməliyyatlar” adlandırmaq olar. Litvinenkonun zəhərlənməsi hadisəsində olduğu kimi, Moskva uzun illər Donbasdakı separatçı hərəkatın hərbi dəstəklənməsində iştirakını inkar etdi. Krımdakı “yaşıl adamcıqlar”ın əslində kim olduqlarını da heç də dərhal etiraf etmədi.
Qərb ölkələri buna qəzəbli bəyanatlarla cavab verdilər, müəyyən sanksiyalar tətbiq etdilər və Rusiyanı “Böyük səkkizlik”dən çıxardılar. Lakin bununla yanaşı, Ukraynanı lazımi səviyyədə silahlandırmadılar və Moskva ilə münasibətlərdə, ümumilikdə, mövcud status-kvonu qoruyub saxladılar.
2018-ci ildə Böyük Britaniya yeni bir zəhərlənmə hadisəsi ilə sarsıldı. Britaniya xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarının agentləri keçmiş Baş Kəşfiyyat İdarəsi (QRU) əməkdaşı Aleksandr Skripalın Solsberi şəhərindəki evinin qapısının dəstəyinə “Noviçok” sinir iflicedici zəhəri sürtmüşdülər. Skripal və qızı son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirildilər, lakin sağ qaldılar. Təsadüfən zəhəri öz üzərinə səpən yerli qadın isə həyatını itirdi. Hadisə yerinə gələn polis əməkdaşı da zəhərlənmədən zərər çəkdi.
2020-ci ildə məlum oldu ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnı da həmin “Noviçok” maddəsi ilə zəhərlənib. Beynəlxalq ekspertlərin gəldiyi nəticələr şok doğursa da, artıq xüsusi təəccüb yaratmadı.
Navalnı 2024-cü ildə Rusiyanın cəzaçəkmə müəssisəsində vəfat etdi. 2026-cı ildə isə Böyük Britaniya, İsveç, Almaniya, Fransa və Niderland onun Cənubi Amerikanın ağac qurbağalarından əldə edilən nadir zəhər – epibatidinlə zəhərləndiyi qənaətinə gəldilər.
Oxucularımıza 2022-ci ilin fevralında Vladimir Putinin Ukraynaya qarşı daha bir “xüsusi əməliyyata”, yəni müharibəyə başladığını xatırlatmağa ehtiyac yoxdur. Artıq beşinci ildir davam edən bu müharibə yüz minlərlə insanın həyatına son qoyub.
Görünür, Qərbdəki bir çox siyasətçilər yalnız genişmiqyaslı müharibə başlayandan sonra 2006-cı ildə bəzi şəxslərin dilə gətirdiyi həqiqəti anladı: Vladimir Putinin rəhbərlik etdiyi Rusiya müasir dünyada müəyyən vaxta qədər mövcud olmuş bütün normaların hüdudlarını aşmağa hazırdır.
Aleksandr Litvinenkonun 11 noyabr 2006-cı ildə BBC-yə verdiyi müsahibənin tam mətni
Zəruri izahlar:
Açıq mənbələrdə Litvinenkonun zəhərlənməsindən sonra səsinin qeydə alındığı başqa bir yazı yoxdur. Məlumdur ki, ölümündən az əvvəl o, polisə daha ətraflı ifadələr verib, “Sunday Times” qəzetinin jurnalistləri və sənədli filmlər rejissoru Andrey Nekrasovla da söhbət edib.
Zəhərlənmə barədə rusdilli mənbələrdə dərc olunan ilk xəbərlərdə Litvinenkonun xüsusi xidmət orqanları üzrə italiyalı ekspert Mario Skaramella ilə görüşündən bəhs edilirdi.
Zəhərlənmə işi üzrə təhqiqat aparan hakim Robert Ouen Litvinenkonun Skaramellanın hadisəyə aidiyyəti barədə danışmasının səbəbini belə izah etmişdi:
“Mən Litvinenkonun özünün buna heç vaxt inandığını düşünmürəm. Hesabatımda qeyd etmişdim ki, ilkin mərhələdə onu Skaramellanın zəhərləyə biləcəyi barədə irəli sürülən ehtimallar qismən dostlarına Luqovoyun ona yaxınlaşmasına imkan verdiyini etiraf etmək istəməməsindən, qismən də Luqovoyu yenidən Böyük Britaniyaya gətirmək üçün hazırlanmış qəsdən düşünülmüş planın tərkib hissəsi olmasından qaynaqlanırdı”.
Söhbətdə adı çəkilən Anna Politkovskayanın qətlinin sifarişçiləri bu günədək müəyyən edilməyib.
BBC: Mətbuat sizi zəhərləməyə cəhd edildiyi barədə məlumat yayıb. Bu məlumat həqiqətə nə dərəcədə uyğundur?
Aleksandr Litvinenko: Hazırda ağır zəhərlənmədən sonra London şəhərindəki klinikalardan birində kifayət qədər ağır vəziyyətdə müalicə alıram.
BBC: Baş verənləri hansısa hadisə ilə əlaqələndirirsiniz? Məlumat verilir ki, sizə Anna Politkovskayanın qətli ilə bağlı sənədlər verməyi planlaşdırıblar və ya artıq veriblər, bundan sonra isə səhhətiniz pisləşib.
Aleksandr Litvinenko: Bir nəfər mənimlə əlaqə saxladı. Görüşməyi təklif etdi. Görüş ayın 1-də London restoranlarından birində baş tutdu. O, mənə Anna Politkovskayanın qətlində, ola bilsin ki, əli olan bir şəxsin soyadının qeyd edildiyi sənədlər verdi. Bütün məsələ bundan ibarətdir. Həmin görüşdən bir neçə saat sonra vəziyyətim pisləşdi və zəhərlənmiş halda oldum.
BBC: Bu, Londonun hansı rayonunda baş verib. Polisə müraciət edə bilək.
Aleksandr Litvinenko: Mərkəzdə
BBC: Mərkəzdə? Konkret hansı rayonda?
Aleksandr Litvinenko: Həmin restoranın adını çəkmək istəmirəm. Hazırda polis araşdırma aparır, qoy sakitcə öz işlərini görsünlər.
BBC: Vestminsterdir, yoxsa Çelsi?
Aleksandr Litvinenko: Sizə dedim ki, polis araşdırma aparır. Qoy sakitcə öz işlərini görsünlər. Özümə gələn kimi, evə qayıdandan sonra mənə verilən həmin sənədləri “Novaya qazeta”ya təqdim edəcəyəm. Həm polisə, həm də “Novaya qazeta”ya. Vəssalam.
BBC: Sizcə, bu iki hadisə birbaşa əlaqəlidir?
Aleksandr Litvinenko: Bilmirəm, əlaqəlidir, ya yox. Bunun əlaqəli olub-olmadığını özünüz müəyyən edin.
BBC: Bəs mətbuatda adı çəkilən həmin şəxsin soyadı doğrudurmu?
Aleksandr Litvinenko: Doğrudur.
BBC: Sizcə, sənədlər etibarlıdırmı? Onlara inanmaq olarmı?
Aleksandr Litvinenko: Sənədlər ingilis dilindədir. Onları heç düzgün-əməlli öyrənməyə də vaxtım olmadı. Çünki evə qayıdandan cəmi bir neçə saat sonra özümü pis hiss etməyə başladım.
BBC: Aydındır, çox sağ olun. Sizi daha çox narahat etməyək. Sizə cansağlığı, tezliklə sağalmağınızı və baş verənlər barədə daha yaxşı vəziyyətdə ətraflı danışmağınızı arzulayıram.
Aleksandr Litvinenko: Çox sağ olun. Hələlik.
Məqalə dərc edildikdən sonra mətnə dəqiqləşdirmə əlavə olunub: Litvinenkonun ölümü Rusiya hakimiyyətinin göstərişi ilə başqa bir dövlətin ərazisində törədilmiş və məhkəmədə sübuta yetirilmiş ikinci qətl hadisəsi olub.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada