Ermənistanda yeni konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq
12 Avqust 2026
Bu ilin sonunadək Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunacaq və sənədin geniş ictimai müzakirəsinə başlanılacaq. Bunu hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Arusyak Culhakyan avqustun 11-də parlamentin iclasında deyib. Onun sözlərinə görə, yeni konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün məhz bu dəyişikliyi tələb edir, bəyannamədə Azərbaycana qarşı ərazi iddialarının yer aldığını bildirir.
A.Culhakyan Konstitusiya İslahatları Şurasının üzvüdür.
Baş nazir Nikol Paşinyan da konstitusiya dəyişikliyinə tərəfdar olduğunu bildirib.
Yeni konstitusiya layihəsini referenduma çıxarmaq üçün parlamentin təsdiqi və deputatların ən azı üçdə ikisinin səsi tələb olunur. Hakim partiyanın parlamentdə cəmi 64 deputatı var. Məsələnin qanunverici orqandan keçməsi üçün azı 70 səs lazımdır.
İyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin təxminən 50 faizini qazanaraq hökuməti təkbaşına formalaşdırmaq hüququnu qoruyub. İkinci yeri 23 faiz səslə "Güclü Ermənistan", üçüncü yeri isə 10 faizə yaxın səslə "Ermənistan" bloku tutub.