Ermənistanda Paşinyana qarşı etirazlar: 7 suala 7 cavab
14 İyun 2024
Ermənistanda hökuməti istefaya çağıran aksiya iştirakçıları ilə polis arasında çərşənbə günü baş vermiş toqquşmalarda polisin “xüsusi vasitələrdən” istifadə etdiyi və yaralıların olduğu bildirilir, yerli media yazıb.
“Tavuş vətən naminə” hərəkatının lideri Baqrat Qalstanyan tərəfdarlarını cümə axşamı səhər saat 9-dan etibarən hökumət binası qarşısına toplaşmağa çağırıb.
Qalstanyanın hökumətin buraxılması məsələsini həll etmək üçün parlamentə verdiyi 96 saatlıq müddət bu gün başa çatır.
Nümayişlər zamanı ötən gün baş vermiş toqquşmalarda bəzisi polis olmaqla, ümumilikdə 98 nəfər xəsarət alıb, yerli media Ermənistan Səhiyyə Nazirliyinə istinadən bildirib.
Ermənistanın Daxili İşlər Nazirliyi isə ötən gün “polisin qanuni tələbini pozduqları” üçün saxlanılan etirazçıların sayının 98 nəfər olduğunu açıqlayıb.
Parlamentin spikeri Alen Simonyan polisin xüsusi vasitələrdən istifadə etməsinin “ədalətli” olduğunu bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə günü parlamanetdə çıxışı zamanı müxalifət fraksiyası ilə görüşüb onların bütün suallarına cavab verməyə hazır olduğunu bildirib.
Qalstanyanın tərəfdarlarının bir qismi iyunun 9-da baş tutmuş nümayişlərdən sonra parlament binası qarşısında çadırlar qurub və fasiləsiz aksiya keçirirlər.
Qalstanyan parlamentdən hökumətin istefa verməsini istəyir
Bazar günü arxiyepiskop Baqrat Qalstanyan Yerevanda keçirdiyi mitinqdə parlamenti hökumətin istefasını tələb etməyə, yeni hökumət formalaşdırmağa çağırıb.
İyunun 9-da Ermənistanda Tavuş Yeparxiyasının dini rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etiraz aksiyalarının başlanmasından 1 ay ötüb.
Mayın 4-də ölkənin Tavuş vilayətindən başlayan yürüş beş gün sonra Yerevanda on minlərlə adamın iştirak etdiyi mitinqə və yolların bağlanması və nəqliyyatın hərəkətinin dayandırılması ilə müşahidə olunan itaətsizlik aksiyalarına çevrilib.
Bazar günü paytaxtın Respublika meydanında “Tavuş vətən naminə” etiraz hərəkatının növbəti mitinqində Qalstanyan “cəmi 4 gün, yəni, 96 saat” küçədə qalıb, etiraz aksiyalarını fasiləsiz davam etdirməyə çağırıb.
Yerevan müxbirimizin məlumatına görə, “Tavuş vətən naminə” hərəkatının tərəfdarları parlament binası yaxınlığında çadırlar quraraq orda gecələyiblər.
Gücləndirilmiş polis qüvvələri binanın giriş-çıxışını mühasirəyə alıb.
Bu, son bir ayda Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın keçirdiyi 3-cü mitinqdir.
Baqrat Qalstanyan bazar günü mitinqini "həlledici" adlandıraraq, Baş nazirin istefasına nail olmaq üçün gələcək hərəkət planını açıqlayıb.
Mitinqdən sonra etirazçılar Baqrat Qalstanyanın iştirakı ilə Yerevanın mərkəzi küçələri ilə yürüşə başlayıb. Ancaq polis onları parlament binasına aparan Bağramyan prospektinə buraxmayıb.
Mitinq başlanmazdan əvvəl və bütün gecəni gücləndirilmiş polis dəstələri hökumət və parlament binalarını mühafizə altına alıb və etiraz iştirakçılarını müşayiət edib.
Etirazçılar Baş nazir Paşinyanın istefasını tələb ediblər.
Əvvəlki mitinqlərin birində Baqrat Qalstanyanın Baş nazirliyə namizədliyi irəli sürülüb.
Baqrat Qalstanyan cümə günü keçirdiyi mətbuat konfransında BBC Azərbaycancanın "Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsinizmi və bunu necə təsəvvür edirsiniz" sualına cavab olaraq bildirib ki, bu gün Azərbaycanla münasibət yoxdur.
Yerevan müxbirimizin məlumatına görə, mayın 15-də Nikol Paşinyan Avropa İnkişaf və Yenidənqurma Bankının (AİYB) forumunda iştirak etmək üçün yaxınlıqda yerləşən Opera və Balet Teatrı binasına gəlib.
Həmin vaxt izdiham tədbir başlanandan bir saat əvvəl əraziyə toplaşıb. Onlar “Hay, Hayastan, Hayrenik, Astvats!” – “Erməni, Ermənistan, Vətən, Tanrı!” – şüarları səsləndirib. Paşinyanın korteji yaxınlaşanda etirazçılar “Nikol satqın!”, “Nikol torpaq təhvil verən”, “Nikol get!” səsləyiblər.
Polislə aksiya iştirakçıları arasında ara-sıra toqquşma baş verib, nəticədə bir neçə fəal saxlanılıb.
Tədbir başlamazdan əvvəl teatr binası dörd tərəfdən gücləndirilmiş polis dəstələri ilə əhatəyə alınıb və yollarda hərəkət məhdudlaşdırılıb.
Nümayişlərdən başladıqdan sonra etirazlara başçılıq edən Baqrat Qalstanyan etiraz iştirakçıları ilə birlikdə universitetlərə baş çəkib, tələbələri boykot etməyə və itaətsizlik aksiyalarına qatılmağa çağırıblar.
Müxbirimizin sözlərinə görə, demək olar ki, Ermənistanın bütün ali təhsil müəssisələri etiraz aksiyalarına qatılıb.
Onlar Yerevanda və rayonlarda küçələr və avtomobil yollarını bağlayır, əhalini etirazlara qatılmağa, Respublika meydanında mitinqlərdə iştirak etməyə çağırıblar.
1. Etirazçılar nə istəyirlər?
Etiraz aksiyaları Tavuş vilayətində Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya işlərinə start veriləndən sonra başlanıb və mayın 4-dən “Tavuş Vətən naminə” şüarı altında paytaxt Yerevana yürüşlə davam etdirilib.
Yürüşə Erməni Apostol Kilsəsi Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edib.
Bundan əvvəl delimitasiya edilən ərazilərdə yerləşən kənd sakinləri hakimiyyətin diqqətini cəlb etmək üçün iki həftə etiraz aksiyaları keçirib, hətta dövlətlərarası Yerevan-Tbilisi yolu bağlayıblar.
Narazılığa Ermənistanın Tavuş və Azərbaycanın Qazax bölgələri arasında sərhəd haqqında razılaşma səbəb olub. Sənədə əsasən, Ermənistan 90-cı illərin əvvəlində Qarabağ müharibəsi zamanı işğal etdiyi 4 sərhəd kəndini Azərbaycana qaytarmalıdır.
Ərazidəki erməni kəndləri, xüsusən də Kirants sakinləri qorxurlar ki, sərhəd o qədər yaxınlaşar və üstəlik, kəndin bəzi əraziləri də ki, Azərbaycanın nəzarəti altına düşər və onlar öz evlərini tərk etməyə məcbur olarlar.
Bu ərazilərdə körpü, mağaza, evlər və başqa tikililər yerləşir.
Ermənistan hüquq-mühafizə orqanları həmin vaxt Kirants kəndinin girişini bağlayaraq, etirazlara yol verməməyə çalışıb, 30 yaxın etiraz iştirakçısı saxlanıldı.
Bundan sonra arxiyepiskop Qalstanyan “Tavuş Vətən naminə” yürüş ideyasını elan etdi.
Paşinyan hakimiyyətinə müxalif qüvvələr bu ideyaya geniş dəstək veriblər.
Yürüş zamanı arxiyepiskop Baqrat Qalstanyan jurnalistlərə deyirdi ki, yürüşün məqsədi narazılıqları və “birtərəfli ədalətsiz” delimitasiya prosesini dayandırmaq tələbini Yerevan hakimiyyətinə çatdırmaqdır.
Lakin o, Yerevanda, Respublika meydanında on minlərlə insanın iştirak etdiyi mitinqdə Ermənistan Baş naziri Nikol Paşinyana istefa ultimatumu elan etdi.
1 saat və əlavə daha 15 dəqiqəlik ultimatum vaxtı başa çatdıqdan sonra Paşinyandan cavab almayan Baqrat Qalstanyan etirazçıların meydanı tərk etməyəcəyini və etiraz aksiyalarının davam etdiriləcəyini bildirdi.
2. Etirazların lideri Baqrat Qalstanyan kimdir?
Erməni Apostol Kilsəsi Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop, 52 yaşlı Baqrat Qalstanyanın adı heç vaxt siyasi və korrupsiya qalmaqallarında hallanmayıb.
O, Böyük Britaniya və Kanadada təhsil alıb və xidmət edib. Özünün etiraf etdiyinə görə, Kanada vətəndaşlığı da var.
Baqrat Qalstanyan növbəti mitinqdə bəyan edib ki, rəhbərlik etdiyi “Tavuş Vətən naminə” hərəkatı heç də sərhədin delimitasiyası və demarkasiyasına qarşı deyil, onun birtərəfli şəkildə və ya onun təbirincə, Azərbaycan tərəfinin tələbi və maraqlarına uyğun aparılmasına qarşıdır.
Qalstanyanın mitinq çıxışlarından bəlli olur ki, onların əsas, ola bilsin ki, yeganə tələbi Baş nazir Nikol Paşinyanın istefasıdır.
Hakim partiyaya yaxın bəzi mediada Qalstanyan "Rusiya xüsusi xidmətlərinə işləməkdə" ittiham edilir. Eyni zamanda, Qalstanyanın "xalqın güvəndiyi şəxs" olduğunu deyənlər də var. Onlar əsasən bəzu erməni diasporu və Rusiyada yaşayan ermənilərdir.
Siyasi icmalçı Davit Stepanyan hesab edir ki, keşişin arxasında Ermənistanın keçmiş Rusiyapərəst liderləri dayanır, onun mübarizəyə qatılmasının səbəbi isə sərhədin delimitasiyası ilə bağlı deyil.
“Baqrat Qalstanyan yolda jurnalistlərə deyirdi ki, siyasi tələbləri yoxdur, Respublika meydanına çatandan sonra, baxıb gördü ki, meydana 31 min adam yığılıb və birdən Paşinyanın istefasını tələb etmək qərarına gəldi və ultimatum irəli sürdü, - Davit Stepanyan öz Youtube kanalının növbəti siyasi təhlil proqramında deyir. – Mən hesab edirəm ki, burada ciddi siyasi məqsədlər gizlənir“.
Politoloqun sözlərinə görə, arxiyepiskop Baqrat Qalstanyan və onu əhatə edən siyasi qüvvələrin məqsədi Ermənistanda Rusiyanın təsirini bərpa etməkdir.
Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutunun professoru, politoloq Andranik Mihranyan is' deyir ki, “xalq Baqrat Srbazan (müqəddəs Baqrat -red.) başda olmaqla Paşinyanın hakimiyyətinə, birtərəfli güzəştlərin dağıdıcı siyasətinə və Ermənistan ərazilərinin təslim edilməsinə qarşı mübarizəyə qalxıb”.
3. Etirazlar bütün ölkə əhalisi tərəfindən dəstəklənirmi?
Paşinyanın fəaliyyəti və hətta davranışından narazı olanlar çoxdur, lakin onun istefası tələbilə etirazları hamı dəstəkləmir.
Demək olmaz ki, etiraz aksiyalarında iştirak etməyənlərin hamısı Paşinyanın tərəfdarlarıdır. Və eyni zamanda Paşinyanın ona qarşı etiraz aksiyalarında iştirak etməyən əleyhdarları da çoxdur.
Sosial şəbəkələrdə qərb dəyərləri və milli, dini dəyərlər tərəfdarları arasında mübahisələrə rast gəlmək olar.
Sosial şəbəkələrdə baş nazirin təəssübkeşləri və açıq nifrət ifadə edənlərə də rast gəlinir.
Bəzilərini etiraz aksiyalarına rəhbərlik edən keşişin dini xarakterli şüarları qıcıqlandırır, digərləri bundan vəcdə gəlir, keşişin əlini öpməyə cəhd edirlər.
Lakin demarkasiyaya münasibət, demək olar ki, əksər insanlarda eynidir.
4. Əhalinin Azərbaycanla demarkasiyaya münasibəti necədir?
Yerli mediada yazılanlara görə, sərhəd xətti Ermənistanın yaşayış məntəqələrinə yaxınlaşır, hətta bir məlumata görə, sərhəd məktəbin lap yaxınlığından keçəcək, Kirants körpüsü Azərbaycana veriləcək.
Gürcüstandan Ermənistana gələn qaz kəmərinin bir hissəsi də indi Azərbaycan ərazisində qalır. Azərbaycana qaytarılan kəndlərdə hələ yaşayan yoxdur və amma artıq erməni sakinləri özlərini narahat hiss edirlər.
Rəsmi Yerevan delimitasiya-demarkasiya prosesini müharibə riskinin azalması kimi təqdim edir. Hakimiyyətin bu yanaşması isə əleyhdarları arasında - "Ermənistan Azərbaycanın təhdidləri altında güzəşt etməyə məcburdur, əks halda Azərbaycan silaha əl atar" - rəyinin yayılmasına səbəb olur.
Bundan başqa, delimitasiya prosesinin birtərəfli aparıldığı fikri mövcuddur. Bu rəylərə görə, Azərbaycan Ermənistana heç bir güzəşt etmir.
Əksəriyyət Paşinyanı “sülh olsun deyə birtərəfli güzəştlərə görə” tənqid edir.
Ermənistanda iddia olunur ki, Tavuş-Qazax sərhədinin bu hissəsində Azərbaycanın nəzarəti altında olan erməni əraziləri də var, lakin onların qaytarılmasından söz getmir.
Rəsmi Bakı hesab edir ki, iki ölkə arasında delimitasiya məsələləri öz həllini tapmadığı üçün ərazi iddiaları əsassızdır.
5. Doqquz may aksiyasında nə baş verdi?
Mayın 9-da etiraza rəhbərlik edən din xadimi Baqrat Qalstanyan izdiham qarşısında Paşinyana istefasını elan edərək kabinetini tərk etməsi üçün 1 saat (və əlavə daha 15 dəqiqə) vaxt vermişdi.
2020-ci ildən bəri birinci dəfə deyil ki, keçmiş hakimiyyət rəhbərləri tərəfindən idarə olunan izdiham Paşinyanın istefasını tələb edirdi. Amma bu dəfə müxalifət liderləri meydanda görünmürdü.
İzdiham Baqrat Qalstanyan onun işarəsi ilə “Hay, Hayastan, Hayrenik, Astvats!” (Erməni, Ermənistan, Vətən, Tanrı) şüarlarını səsləndirirdi.
İstefa ultimatumunun müddəti bitsə də, Paşinyandan cavab gəlmədi.
Etirazçıların lideri meydanda qurulmuş səhnədən düşüb, aksiyaları gələcək planlarını və Paşinyana impiçment elan etmək məsələsini müzakirə etmək üçün bir neçə Daşnaksutyun üzvü, Serj Sarkisyana və Robert Koçaryana yaxın millət vəkilləri, o cümlədən, keçmiş müdafiə naziri Seyran Ohanyanla görüş keçirib.
6. Etirazlar Paşinyan hakimiyyətinə təhlükə yaradırmı?
Ermənistan parlamentinin müxalif “Hayastan” və “Pativ unem” (Təzim edirəm) fraksiyaları Baş nazir Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün yetərli sayda səs toplamağa nail ola biləcəklərini bildiriblər.
"Ermənistan Milli Məclisinin reqlamenti haqqında qanun”a görə, impiçment prosesini Milli Məclis üzvlərinin ümumi sayının üçdə birinin imzası ilə başlamaq olar.
İmpiçment layihəsini təqdim etmək üçün blankı götürdükdən 24 saat ərzində 36 imza toplanmalı və bundan sonra 48-72 saat ərzində səsvermə keçirilməlidir. Müxalif iki fraksiyada 35 deputat təmsil olunur. Bir nəfər də bitərəf deputat var.
Müxalif fraksiyaların impiçment layihəsini Milli Məclisdə müzakirəsinə nail olmaq üçün cəmi bir səsə ehtiyacı var.
Bazar günü mitinqdə çıxışı zamanı “Tavuş vətən naminə” hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan bəyan edib ki, bitərəf millət vəkili İşxan Zakaryanla danışıqlardan sonra o öz imzasını verməyə razılıq verib.
Zakaryanın özü hələlik bu xəbərlərlə bağlı heç bir şərh verməyib, yerli media onunla əlaqə saxlaya bilməyib. Azadlıq radiosunun erməni xidməti yazıb.
Lakin impiçmentin qəbul olunması üçün 54 səs lazımdır. Bunun üçün müxalif fraksiyalar 18 deputatı iqtidar fraksiyadan cəlb edə bilməlidirlər.
Bundan başqa, impiçment layihəsi təqdim edilərkən, mütləq gələcək Baş nazirin namizədliyi məlum olmalıdır.
Etiraz hərəkatının lideri Baqrat Qalstanyanın sözlərinə görə, Nikol Paşinyanı istefaya göndərmək üçün iki vacib məsələni həll etmək lazımdır: baş nazir vəzifəsinə namizədi müəyyən etmək və daha 18 millət vəkilinin dəstəyini təmin etmək.
Keçirilən bəzi sorğuların nəticələrinə görə, Paşinyanın hakimiyyətdə olduğu 6 ildə reytinqi artıq elə də yüksək deyil, "Gallup" bildirib.
Sadə xalq arasında onun fəaliyyətindən şikayətlər indi tez-tez eşidilir.
Paşinyan 44 günlük Qarabağ müharibəsində məğlub olduqdan sonra istefa verib yenidən seçkilərdə qalib gəlsə də, bu gün bu qələbənin təkrar oluna biləcəyini söyləmək çətindir.
Mitinq iştirakçıları vətənpərvərlik şüarları ilə narazıları təşviq etməyə və meydana mümkün qədər çox adam cəlb etməyə çalışsalar da, demək olmaz ki, onların hamısı Baş naziri qeyri-qanuni yolla vəzifədən qovmaq istəyir.
7. Azərbaycan-Ermənistan sərhədi nə qədər demarkasiya olunub?
Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq, başa çatır.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almatıda erməni həmkarı ilə görüşdən əvvəl bildirib, Azərbaycan mediası yazıb.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq ərazilər minalardan təmizlənib, eyni zamanda coğrafi koordinatlar dəqiqləşdirilib.
Nazir onu da bildirib ki, Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı şərh mübadiləsi aparıblar.
Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Azərbaycanla sərhəd koordinatlarının dəqiqləşdirilməsi çərçivəsində aparılan işlər nəticəsində artıq 40 sərhəd dirəyinin yerləşdirildiyini bildirmişdi.
Baş nazir Nikol Paşinyan isə mətbuat konfransında bildirib ki, Tavuş vilayətində Ermənistan-Azərbaycan sərhədində delimitasiya işlərinin 90 faizi başa çatıb.