Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda müxalifət lideri postunu itirdi

Ermənistan müxalifətinin liderlərindən olan İşxan Saqatelyan iyulun 1-də parlament sədrinin müavini postundan çıxarılıb. Qərar İşxan Saqatelyanın yaz sessiyasının iclaslarının yarıdan çoxuna qatılmaması ilə əsaslandırılıb.

2021-ci il iyunun 20-də seçilmiş 107 nəfərlik parlamentdə hakim Vətəndaş Sazişi Partiyasının 71, müxalif qüvvələrin – Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 6 mandatı var. 2022-ci il mayın 3-dən hər iki blok parlamentin iclaslarını boykot edir.

Qatı millətçi kimi tanınan İşxan Saqatelyan Ermənistan blokunda təmsil olunur. 2021-ci il avqustun 6-dan parlamentin sədrinin müavini idi.

1982-ci il təvəllüdlü İşxan Saqatelyan 1999-cu ildən Daşnaksütun Partiyasının üzvüdür, hazırda qurumun rəhbərliyində yer alır. O, 2022-ci il aprelin ortalarından ölkədə, əsas da paytaxt Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyaların əsas təşkilatçılarından sayılır. Aksiyalar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinə yönəlib.