Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Putinə Ukrayna danışıqları ilə bağlı ev sahibliyi təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezidentinin dəftərxanasına verilən məlumata görə, tərəflər Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri, həmçinin mühüm regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş prosesi diqqətlə izləyir və sülh danışıqlarının təşkili də daxil olmaqla, hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. 

Telefon danışığı zamanı Ərdoğan Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif edib.

O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.

Bundan başqa, Türkiyə lideri Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Suriyada sülh və sabitliyin təmin olunması üçün Ankara və Moskva koordinasiyalı hərəkət etməlidir.