Ərdoğan konstitusiyanı hakimiyyətdə qalmaq üçün dəyişmək istəyir?
28 May 2024
Ərdoğan 1982-ci ildən qüvvədə olan əsas qanunun yenilənməsi məsələsinə yenidən qayıdıb. Onun sözlərinə görə, əvvəlki bir neçə konstitusiya "himayədarların göstərişilə yazılıb və xalqa zorla qəbul etdirilib ".
Türkiyəyə yeni konstitusiya lazımdır, hazırkı sənədlə ölkə irəliləyə bilməz, prezident Rəcəb Tayyib Ərdoğan "Güclü Türkiyə" simpoziumunda çıxışında bildirib.
"1921 və 1924-cü il konstitusiyaları istisna edilərsə, sonrakı bütün konstitusiyalar himayədarların göstərişilə yazılıb və xalqa zorla qəbul etdirilib", - prezident deyib, TRT Haber bildirib.
Onun sözlərinə görə, 1980-ci il hərbi çevrilişi nəticəsində yaranmış mövcud konstitusiyadan "qurtulmaq" lazımdır.
Ərdoğan bildirib ki, yenilənmiş konstitusiya "mülki şəxslər tərəfindən yaradılmalı, inklüziv və liberal" olmalıdır.
Türkiyə Konstitusiyasına dəyişikliklər parlament tərəfindən qəbul edilir. Düzəlişin təsdiqlənməsi üçün deputatların 3/5 səsi lazımdır.
Ərdoğan ilk dəfə deyil ki, ölkənin əsas qanununun dəyişdirilməsini təklif edir, o, yenə də bütün siyasi qüvvələri bu işə fəal qoşulmağa çağırıb. Ərdoğan 2023-cü il prezident seçkiləri zamanı respublika konstitusiyasını dəyişdirmək vədlərilə çıxış edib.
Türkiyənin hazırkı konstitusiyası sonuncu dəfə 2017-ci ildə dəyişib. O zaman Ərdoğan düzəlişlərə nail oldu, bundan sonra hakimiyyət bütün dolğunluğu ilə baş nazirdən ölkə prezidentinə keçdi. Bu, Ərdoğana (iki müddət baş nazir idi) prezident seçkiləri keçirməyə və inzibati resurs və müxalifətin sıxışdırılması sayəsində qalib gəlməyə imkan verdi.
Ərdoğan konstitusiyanı necə dəyişdirməyin lazım olduğunu deməyib, ancaq işarə edib ki, Ədalət və İnkişaf Partiyası hakimiyyəti vermək niyyətində deyil. (Turan)