
Əliyev: "Top Ermənistanın tərəfindədir"
03 Aprel 2025
Aprelin 2-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Azərbaycan prezidenti İlham Əliyev mətbuata verdikləri birgə bəyanatda Ermənistanla sülh danışıqları mövzusuna da toxunublar.
AZƏRTAC-ın xəbərinə görə, prezident Əliyev xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir: "Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil".
O vurğulayıb ki, birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır: "Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır... Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir".
Əliyevin sözlərinə görə, ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almayıblar.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına uzun müddət vasitəçilik edən Minsk qrupunda ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.
Almaniya prezidenti isə deyib ki, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var. Onun vurğulamasına görə, razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib: "Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm".
Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.