Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev Maduro ilə görüşüb - Amma canlı deyil, videokonfrans formatında

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Bakıda səfərdə olan Venesuela lideri Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Görüşdə N.Maduronun regional səfər çərçivəsində Azərbaycana da gəlməsi iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib. N.Maduro son illər Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluq bildirib.

Xəbərə görə, söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi vurğulanıb. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirilib.

N.Maduro Azərbaycandan öncə Türkiyədə olub.

Son illər ABŞ, bir sıra Qərb ölkələri demokratiya və insan hüquqları ilə bağlı N.Maduronu Venesuela prezidenti kimi tanımadıqlarını açıqlayıblar. Bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq edilib.