Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ələsgər Məmmədlinin vəziyyəti pisləşməyə davam edir

“Toplum” TV-nin təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ələsgər Məmmədlinin səhhəti pisləşməkdə davam edir. Bu barədə onun qardaşı Nəsimi Məmmədli ötən gün onunla görüşdükdən sonra bildirib.

 Ələsgər Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkir.

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmağa imkan vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Bu isə onun əsəb-sinir sistemini ciddi zədələyib. Qan təzyiqi 90-170 arasında yüksəlib”, - Nəsimi Məmmədli Turan-a bildirib.

Bir həftə öncə götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb: amilaza analizi çox yüksək 333 olub (norma 220-dən az olmalıdır),  xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). 

Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək.

“Əgər təcili tibbi müdaxilə olmasa, bu, ona  həyatı bahasına başa gələ bilər”, - Məmmədli deyib.

Onun sözlərinə görə, vəkil Ələsgər Məmmədlinin Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, cavab gəlməyib.

*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, daha iki nəfər isə polis nəzarətinə verilib.

Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.